10 C
Baku
Monday, November 18, 2024

Kredit portfelində 1 gün də olsa gecikmə olmayan kredit mütəxəssisi

Banker.az saytı olaraq, kredit təhlili ilə bağlı silsilə yazılarımız davam edir. Bu mövzuda çoxlarını maraqlandıran məhz biznes kreditləri olduğu üçün araşdırmalarımızı yenə də həmin istiqamətdədir. Xüsusən də bu gün ölkəmizdə kiçik bizneslərə və xırda sahibkarlara ayrılan kreditlər gündəmdədir. Bu sahədəki suallarımız bizi mikro kreditlərin verilməsi üzrə ənənəyə və geniş təcrübəyə malik olan AccessBanka aparmaya bilməzdi. Suallarımızı Bankın əməkdaşı Daşqın Həmidzadə cavablandırır.

1. Kiçik biznes kreditlərinin təhlili zamanı əsas diqqət yetirməli olduğumuz məqamlar hansılardır?

Sualınıza cavab olaraq qeyd etmək istərdim ki, kiçik biznes kreditləri şəxsi təsərrüfatların inkişaf etdirilməsi üçün ən yaxşı alətdir. Kiçik biznes fəaliyyəti ilə məşğul olan şəxslər nisbətən daha az təcrübəyə malik olurlar ki, bu da öz növbəsində biznesin dayanıqlılığına və inkişaf dinamikasına öz təsirini göstərir. Buna görə də bu tipli bizneslərin kreditləşməsi zamanı daha diqqətli olmalıyıq. Sahibkarın iş təcrübəsi ilə yanaşı daha bir diqqət yetirilməli olan məqam isə sahibkarın öz maliyyə vəziyyətini və pul dövriyyəsini necə idarə etməsinin təhlilidir.

Bu gün ən çox verdiyiniz kreditlər hansı sahənin maliyyələşməsinə xidmət edir, praktikanızda ən çox kimlərlə işləyirsiniz?

Ödəmə qabiliyyətinə və ödəmə istəyinə inandığımız hər bir sahibkara şəxsi və biznes məqsədləri üçün kreditlər veririk. Bura ticarət, istehsalat, kənd təsərrüfatı, xidmət və nəqliyyat sahələri aiddir. Ancaq burada bir məqamı diqqətinizə çatdırım ki, Azərbaycanın hər bir bölgəsinin özünə məxsus şəraiti və potensialı olduğu üçün bu fəaliyyət sahələrinin nisbəti bölgələrə görə dəyişkəndir .İri şəhərlərdə əsasən ticarət, istehsalat və xidmət, rayonlarda isə əsasən kənd təsərrüfatı sahələri üstünlük təşkil edir.

3. Ticarət sahəsinə, xüsusi ilə də qida məhsullarının ticarətinə verilən kreditlərin əsas riskli tərəfləri hansılardır?

Azərbaycan Respublikasının iqtisadiyyatının sürətlə inkişaf etdiyi bu dövrdə iri ticarət mərkəzlərinin sayı da günü-gündən artır ki, buda öz növbəsində xırda ticarət obyektlərinin rəqabətə tab gətirməyərək bazardan çıxmasına səbəb olur. Buna görə də xırda ticarət sahələrinə kredit verilən zaman rəqabət riskinin düzgün qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Qida məhsullarının ticarətinə verilən kreditlərdə isə risklər digər sahələrə nisbətən daha çoxdur. Riskli tərəfi isə ondan ibarətdir ki , qida məhsulları tez xarab olan mallardır. Kredit təhlili zamanı satılan malların standartlara uyğun olub-olmamasına, istifadə müddətinin bitib-bitməməsinə diqqət yetirmək lazımdır. Çünki belə bir halın olması gələcəkdə həmin biznes obyektinə qarşı müvafiq dövlət orqanları tərəfindən sanksiyaların tətbiq edilməsi, iri məbləğli cərimələrlə cərimələnməsi və ya fəaliyyətinin ümumiyyətlə dayandırılmasına gətirib çıxara bilər.

4. O hansı xırdalıqlardır ki, ilk baxışda çox cüzi görünsə də sonradan ciddi problemlərə çevrilə bilər?

Belə xırdalıqlara misal olaraq verilən kreditlərin 3-cü şəxsə çatması ehtimalını və kredit analizi zamanı kredit mütəxəssisinin sahibkar tərəfindən danışılan xırda olsa belə hansısa yalanına güzəştə getməsini göstərmək olar. Ümumiyyətlə bu elə bir məsələdir ki, kredit təhlili zamanı kredit mütəxəssisi öz məntiqi təfəkkürü ilə hərəkət etməyi bacarmalıdır. Bəzən çox xırda görünən nüanslar əslində çox böyük problemlərin olduğundan xəbər verir .Öz təcrübəmdən bir misal gətirərək demək istərdim ki, müştərinin evinə səfər etdiyim zaman evdə gördüyüm məktəbli çantası həmin evin məhz həmin sahibkara məxsus olmadığı qənaətinə gəlməyimə səbəb olmuşdu.Çünki həmin sahibkarın ailəsində məktəbli uşaq yox idi

5. İri şirkətlərdən fərqli olaraq, kiçik bizneslərdə audit və maliyyə hesabatları olmur, bəs onların maliyyə təhlili hansı göstəricilər əsasında həyata keçirilir?

Təəssüflər olsun ki, bu sualınıza Bankın daxili qaydaları olduğu üçün ətraflı şəkildə cavab verə bilməyəcəm. Ancaq ümumi şəkildə söyləyə bilərəm ki, kiçik bizneslərdə maliyyə təhlili əsasən sahibkarın öz biznesi haqqında verdiyi və müxtəlif çarpaz yoxlama üsulları vasitəsilə yoxlanılmış şifahi və yazılı məlumatlar əsasında aparılır. Bu baxımdan Bankımızda istifadə olunan biznes təhlil formaları və üsulları, o cümlədən kadrların peşəkarlığı mühüm əhəmiyyət kəsb edir.

6. Kredit mütəxəssisi biznesin vəziyyəti ilə yanaşı daha hansı nüanslara diqqət yetirməlidir?

Ümumiyyətlə kredit verilən zaman mütləq təsərrüfat subyektinin ödəmə qabiliyyəti ilə yanaşı ödəmə məsuliyyəti də aşkara çıxarılmalıdır. Yəni Kredit Mütəxəssisi müştərinin şəxsi keyfiyyətləri, ailədəki və cəmiyyətdəki statusu haqqında maksimum məlumatlı olmalıdır.

7. Ticarətin maliyyələşməsində mövsüm amilləri özünü necə göstərir?

Təcrübə göstərir ki, bayramqabağı aylarda, dərs ilinin başlanğıcında regionlarda isə əkin dövründə ticarət, xidmət və kənd təsərrüfatı ilə bağlı sahibkarların kredit müraciəti nəzərə çarpacaq dərəcədə artır. Və əksinə bayram sonrası və regionlardakı biçin dövründə bu tendensiyanın əksi müşahidə olunur.

8. Təcrübənizdən hər hansı biz maraqlı hadisəni oxucularımız ilə paylaşa bilərsiniz və ya kredit mütəxəssislərinə hansı tövsiyələriniz vardır?

Təbii ki, hər bir kəsin iş həyatında olduğu kimi mənim də öz iş həyatımda da qarşılaşdığım maraqlı hadisələr olub. Təvazökarlıqdan uzaq olsa da, öz karyeramdan bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Kredit mütəxəssisi kimi 2 ildən artıq müddətdir ki, çalışıram və bu müddət ərzində verdiyim bütün kreditlərdə 1 günlük olsa belə heç bir gecikmə halı olmadan kredit portfelimi 1.000.000 USD məbləğindən daha yüksək həddə çatdırmışam. Və bu halı misal kimi göstərərək digər kredit mütəxəssislərinə tövsiyə olaraq deyə bilərəm ki, daima işlərində dürüst, əzmkar və daha məsuliyyətli olsunlar. Buna əməl etdikləri hər zaman uğurun daima onlarla olacağına və karyera yüksəlişləri əldə edəcəklərinə şübhə etməsinlər.

Son xəbərlər
Digər xəbərlər