Bankların aqressiv kredit siyasəti müştərilərin cəlb edilməsini təmin etməlidir. Bu siyasət özünü hər bir məqamda rastlaşacağımız reklamlarda da göstərir (radio, internet, sms, facebook və s). Reklam nə qədər çoxdursa, kreditin maliyyəti də bir o qədər bahadır. Digər tərəfdən bank əvvəlkindən fərqli olaraq, sürətli kredit vermə prosesində müştəri təhlilinə daha az vaxt ayıra bilir. Sadələşdirilmiş şərtlər – girovsuz, arayışsız, zaminsiz – bir sözlə təminatsız kreditlər.
Bütün bunlar isə kompensasiya olunur, əlbəttə ki, kreditin daha baha satılması (faizlər və komisyonlar) nəticəsində əldə edilən gəlirlər sayəsində. Bank risklərini artırır və təbiidir ki, qarşılığında faizlər daha yüksək olur.
İndi düşünün ki, sizə qənaət etmiş olduğunuz həmin zaman fasiləsi müqabilində daha baha kredit sərf edirmi? İstənilən halda iri bir bankda, müştərilər əlindən bankın içinə bəzən düşmək mümkün olmadığı bu banklarda siz qısa müddətdə (növbələri çıxandan sonra), tez-tələsik imzaladığınız kreditlər müqabilində nə qədər pul ödəyirsiniz?
Kreditlər sizə pul şəklində verilsə də, onlar nə sizin qazancınız, nə gəliriniz, nə də mənfəətiniz deyil, kredit sadəcə sizin öhdəliyiniz və qaytarmalı olduğunuz, eyni zamanda haqqını da ödəməli olduğunuz bir məhsuldur. Kredit xərcdir, bu xərcə getməyə tələsməyə dəyməz.
Necə ki, hər hansı bir avadanlığı almaqdan öncə araşdırma edib, seçim edirsiniz, kreditlə bağlı qərar da sizin tərəfinizdən qəbul edilməlidir. Yəni siz banka yaxınlaşıb “mənə nə qədər kredit düşür” söyləməli və onun hər hansı bir məhsulu sizə satmasını gözləməli deyilsiniz. Siz banka gedərkən nə istədiyinizi, hansı faizlə istədiyinizi, sizə hansı məbləğin və ya hansı müddətə kredit lazım olduğunu dəqiq bilməlisiniz.
Unutmayın ki, bizim banklar daha çox kreditin satıldığı bazar rolunu oynayırlar. Onlar sizə maliyyə məsləhəti xidməti təklif etmir və ya sizin düşdüyünüz situasiyada sizə kömək etməyə çalışmırlar, onlar sizə borc vermir, sadəcə məhsullarını satır. Sizə hansı məhsulun lazım olduğunu siz daha yaxşı bilməlisiniz.
Belə hallarda bankın reklamlarına, tarixinə, nəhəngliyinə aldanmaq olmaz, əsas sizə təqdim olunan xidmətin keyfiyyətidir. Ona görə də çoxlu müştəri seçimi olan nəhəng banklara üz tutmaqdansa, daha az seqmentə xidmət edən, daha aşağı faizlər verən, reklam xərclərini məhdud edən xırda banklara üz tutun. Hər bir müştəriyə loyal münasibət göstərməyə qadir xırda banklar sizin maliyyə partnyorunuz olmağa qadirdir.