16 C
Baku
Saturday, April 20, 2024

“Kredit risklərinin” səmərəli idarə edilməsinə nail olmaq üçün banklar hansı addımları atmalıdırlar?

Müəllif: Amil Əsədov , Rabitəbank ASC-nin, Risklərin İdarə Edilməsi Departamenti, Monitorinq Şöbəsinin rəis müavini

Bildiyimiz kimi kredit riski – kredit götürən şəxs tərəfindən kredit müqaviləsində göstərilən öhdəliklərin vaxtında və ya tam yerinə yetirilə bilməməsi riskidir. Kredit risklərinin kəmiyyətinin təyin olunması sadəcə olaraq ayrı-ayrı müştəri üçün kreditin ödənilməməsi ehtimalının hesablanması deyildir. O, həmçinin risklərin spesifik müştəriyə və ya sənayeyə doğru konsentrasiyasını və girovun dəyərindəki dəyişiklikləri əks etdirməlidir. Bu cür məlumatlar bütün kredit portfeli və yaxud ayrı-ayrı kreditlər üzrə risklərin hesablanması məqsədi ilə təhlil edilməlidir.

Kredit risklərinin səmərəli idarə edilməsinə nail olmaq üçün, idarə edilmənin bütün səviyyələrində aydın olan kredit risklərinin qiymətləndirilməsi və hesabat vermə üçün aydın təyin olunmuş metodologiya banklar tərəfindən yaradılmalıdır. Kreditlər təsdiqləndikdən sonra, Risklərin İdarə Edilməsi bölməsi kredit riskinə nəzarət etmək üçün məsuliyyəti üzərinə götürməlidir. Yaxşı olardı ki, bu prosedur iki cür olsun: ənənəvi kredit risklərinin idarə edilməsi və riyazi baxımdan.

“Ənənəvi” strukturda Risklərin İdarə Edilməsi Departamenti kredit risklərinin idarə edilməsində aşağıdakı funksiyaları yerinə yetirməlidir:

  • Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək;
  • Mütəmadi olaraq müştərinin fəaliyyətindəki dəyişiklikləri qiymətləndirmək üçün onunla görüşlər təşkil etmək;
  • Davamlı olaraq kreditin yalnız kredit sazişində göstərilən məqsədlər üçün istifadə olunmasını yoxlamaq;
  • Mövcud olan bütün məlumatlar (kütləvi informasiya vasitələrinin nəşrləri daxil olmaqla) vasitəsilə müştərinin, eləcə də onun zəmanətçilərinin maliyyə vəziyyətinə nəzarət etmək;
  • Lazım gəldikdə vaxtı ötmüş kreditlərlə əlaqədar müvafiq prosedurlardan istifadə etmək.

Daha təkmilləşdirilmiş səviyyədə kredit risklərinin idarə edilməsi üçün “ənənəvi” metodla yanaşı daxili və xarici kredit dərəcəsi (reytinq) sistemlərinə, kreditin ödənilməməsi ehtimalına və yığılma dərəcəsinə əsaslanan “riyazi” metodlardan istifadə etmək olar. Bu metod fəaliyyət nəticələrinin və kapital bölgüsünün hesablanması üçün vacibdir.

Kredit risklərini müəyyən etmək üçün banklar aşağıdakı ölçülərdən mütləq şəkildə istifadə etməlidir:

  • Qabaqcadan ödənilmə riski: bu risk müştərinin və ya əks tərəfin krediti ödəyə bilməməsi nəticəsində yaranan zərər riskidir. Bu zaman zərərin ölçüsü qüvvədə olan bazar dərəcələrindən asılı olur. Qabaqcadan ödənilmə riski, kredit ekvivalentliyi prinsipinə görə ölçülməlidir və riskin vəziyyətinin cari bərpa dəyərinin bazardakı dəyişikliklərin nəticəsi kimi müəssisənin gələcək potensial risk təhlükəsinin bəzi çoxsaylı təxminlərinin cəmini əks etdirməlidir.
  • Cari təhlükə: bu əks tərəfin bu gün krediti ödəyə bilmədiyi və vəziyyətin cari bazar şəraitində yenidən qiymətləndirilməsinə ekvivalent olduqda yaranan zərər növüdür.
  • Potensial risk təhlükəsi: əks tərəf gələcəkdə müəyyən olunmuş müddət ərzində krediti ödəyə bilmədikdə nəyin itiriləcəyini əks etdirən əməliyyatın, gələcək cari bərpa dəyərinin qiymətləndirilməsidir. Mükəmməl təcrübəyə əsasən, bu dəyər simulyasiya vasitəsilə əldə olunmalıdır və bazarın dəyişkənliyi, portfelin təsiri, əvəzləşdirmə müqavilələri, girov və digər kredit vasitələrini (zəmanətlər, akkreditivlər və s.) nəzərə almaqla, Riskə məruz Dəyərə görə bazar riski simulyasiyasına analoji olmalıdır. Nisbətən mürəkkəbləşdirilmiş alternativ təcrübəyə görə, potensial risk təhlükəsini hesablamaq üçün qiymətləndirmələrdən etibarlı istifadə oluna bilər.
  • Gözlənilən zərər, mövcud məlumata əsasən bankın üzləşəcəyi ehtimal edilən zərərlərin səviyyəsini əks etdirir. Bu, gələcək potensial təhlükənin əks tərəfin krediti ödəyə bilməməsi ehtimalı və nəzərə alınmış yığılma dərəcələri ilə riyazi ehtimaldır. Gəlirlərə tətbiq edilən kredit riski dəyəri kimi istifadə edilən gözlənilən kredit itkisi ölçüləri, bankı uzun müddətli istifadə olunan kredit zərərlərindən qorumaq üçün bir vasitədir.
  • Gözlənilməyən zərər, faktiki zərərin gözlənilən zərərdən yuxarı və ya aşağı olacağı ehtimalını əks etdirir. Gözlənilməyən zərərin səviyyəsi, müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində ən pis kredit zərərini ölçməklə qiymətləndirilir. Müəyyən edilmiş etibarlılıq səviyyəsi çərçivəsində gözlənilməyən zərərləri hasil etmək üçün kifayət risk kapitalının bölüşdürülməsi ilə gözlənilməyən zərər ölçüləri, bankı gözlənilən kredit zərərindən xeyli yüksək olan qısamüddətli zərərlərdən qoruyan vasitədir.
  • Hesablaşma riski: əks tərəfdən gözlənilən ödənilməmiş məbləğlərdir ki, burada dəyər artıq bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesablaşma riski xarici valyuta əməliyyatları ilə və ya qiymətli kağızların sərbəst təchiz edilməsi zamanı (ödəniş qəbul edilməzdən əvvəlki təchizat) yarana bilər. Spot xarici valyuta əməliyyatları baş verdiyi halda, bu riskin saat qurşağındakı fərqlər, valyutanın ödənilməsi və onun benefisiarının hesabına göndərilməsi zamanı yaranan vaxt fərqlərinə görə meydana çıxması ehtimal edilir.

Ümumiyyətlə kreditin qiymətləndirilməsinin əsas məqsədi kreditlərin verilməsində mövcud olan risk dərəcəsinin müəyyən edilməsidir. Bu zaman hər bir baxılan mərhələdə kreditin verilməsi barədə qərar riskin məqbulluq dərəcəsindən asılı olaraq qəbul olunmalıdır. Bankın Kredit risklərini yaradan əsas səbəblər:

  • Borcalan müəssənin rəhbərinin, fərdi sahibkarın, fiziki şəxsin və ya digər bankın rəhbərinin səriştəsizliyi və qeyri-sağlam münasibətindən;
  • Mövcud və ya potensial borcalanın mötəbər olmayan maliyyə hesabatları və ya məlumatlar verməsi ;
  • Bankın maraq göstərdiyi sahələrdə əlverişsiz və ya dəyişkən siyasi, iqtisadi və ya bazar mühitinin olması;
  • Əksər korporativ müştərilərin nisbətən kiçik kredit tarixinin olması;
  • Alınmış kreditin təyinatı üzrə istifadə edilməməsi;
  • Müştərinin və ya digər bankın maliyyə vəziyyətinin pisləşməsi;
  • Girovun dəyərinin və ya likvidliyinin aşağı düşməsi;
  • Kredit və girov sənədlərinin hazırlanmasında yol verilən qüsurlar;
  • Qanunvericiliklərdə boşluqların olması;
  • Kredit portfelinin artım templərinin kreditləşmənin keyfiyyətinə və ya faiz gəlirlərinə mənfi təsiri.

Nəticə olaraq kredit risklərinin  səmərəli idarə edilməsinə nail olmaq üçün ən başlıcası banklar qabaqcadan formalaşdırılmış mövqe və ya kənardan təsir olmadan müstəqil təhlilin həyata keçirilməsi imkan əldə etmək üçün obyektivlik və qərəzsizlik prinsipi əsasında işlərini qurmalıdırlar.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.