Müəllif: Zahid Şaliyev, TuranBank, Mikro-Biznes kreditləri şöbəsinin müdiri
Respublikada fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları kredit satışı siyasətində mühüm dəyişikliklər etməlidir. Belə ki, Kredit təşkilatları kredit satışında kəmiyyət siyasətindən keyfiyyət siyasətinə keçməldirlər. Bu dəyişikliyin mühüm səbəbləri vardır.
İlin əvvəlində baş verən manatın devalvasiyası iqtisadiyyatın bütün sektorlarına öz təsirini göstərmişdir. Amma mən yaranmış iqtisadi durğunluğun səbəblərini təkcə devalvasiyada görmürəm. Devalvasiya sadəcə bəhanə oldu. Biznes subyektlərinin maliyyə-iqtisadi vəziyyətinin təhlili ilə məşğul olan bir mütəxəssis kimi qeyd etmək istəyirəm ki, hələ fevral devolvasiyasına qədər əksər biznes sahələrində defolt elementləri müşahidə olunurdu. Bu vəziyyətin yaranmasının birinci səbəbini ölkədəki biznes subyektlərinin zəif maliyyə menecmentinə malik olmasında, ikinci səbəbini isə bu subyektləri maliyyələşdirən qeyri peşəkar bank işçilərində görürəm. Qeyd edək ki, ölkədə fəaliyyət göstərən Mikro və KOS biznes subyektlərinin əksəriyyəti ölkəmiz müstəqillik qazandıqdan sonra formalaşmışdır və biznes menecment, biznes strategiyası, maliyyə menecmenti və s. haqqında heç bir nəzəri və praktik biliyə malik olmayıblar. Təbii ki, öz üzərində işləyən, beynəlxalq sahibkarlıq subyektləri ilə təcrübə mübadiləsi aparan, işində sınaqdan çıxmış müasir menecment alətlərindən istifadə edən peşəkar sahibkarlarımız burada istisna təşkil edir. Bəzi kiçik biznes sahibi olan fərdi sahibkarlar var ki, onlar öz bizneslərini xaotik olaraq idarə edirlər. Banklardan cəlb etdikləri vəsaitləri kor-təbii şəkildə istifadə edir və biznes aktivlərini qeyri-peşəkar yerləşdirirlər. Dünya təcrübəsi göstərir ki, iqtisadi mühitdə baş verən böhranlar iqtisadi subyektlər arasında keyfiyyət yeniləmələri aparır. Belə ki, işini daha peşəkar olaraq qurmuş biznes subyektləri sınaqdan yaxşı çıxır, qeyri-peşəkarlar və düzgün maliyyə hesabatı aparmayanlar iflas edir. Belə biznes subyektləri ilə yanaşı əksər vətəndaşlar da ailə büdcələrinin gəlir və xərc hesabatını aparmırlar. İstehlak kreditləri üzrə yaranan problemləri təhlil edərkən müşahidə olunur ki, insanlar 5-10 il ərzində yığa bilməyəcəyi həcmdə vəsaiti banklardan müxtəlif vasitələrlə kredit şəklində cəlb etmişdir və hazırda bu kreditləri ödəmək iqtidarında deyil. Son illər əhalidə, qazandığından çox xərcləmək ənənəsi formalaşıb ki, bu zaman vətəndaşlar banklardan kredit şəklində cəlb etdikləri vəsaitə öz qazancı kimi baxaraq böyük israfçılığa yol verirlər. Bu israfçılıq eyni zamanda əhalinin “bəhsə-bəhs”, “qonşudan qalma dala” psixologiyası ilə də bağlıdır. Nəticədə isə ifrat borclanma kreditlərin geri ödənişində problemlər yaradır, ciddi sosial problemlərin əsası qoyulur.
İqtisadi zəncirin mühüm subyektlərindən olan Banklar da yaranan iqtisadi gərginliyin təsirindən yan keçmədilər. Ölkədə problemli kredit portfelinin 1.3 milyard manata çatması bunun bariz nümunəsidir. Lakin burada da peşəkarlıq öz sözünü dedi. Düzgün maliyyə təhlilləri, sahibkarların nağd pul axınının müəyyənləşdirilməsi, debitor borcların detallı araşdırılması, biznesin likvidliyinin təhlili, çarpaz təhlil metodlarından istifadə edərək biznes subyektlərini maliyyələşdirən banklar daha az zərər etdilər. Biznesi təhlil etmədən kreditləşdirmə aparan qeyri peşəkar bank menecerləri isə həm sahibkarları ifrat kredit borcları ilə yüklədilər həm də öz banklarının aktivlərini risk altına saldılar.
İqtisadi böhran və devalvasiya tarixin təkrarlanan mərhələləridir. Lakin peşəkar bankirlər bu riskləri qabaqcadan sığortalayırlar. Bu isə qarşıda qoyulan məqsədlərə keyfiyyətli iş icrası ilə nail olmaq deməkdir. Kredit təşkilatlarında işin keyfiyyəti müştəri xidmətlərindən başlayır. Müştəri xidmətlərində sistemliliyin təmin edilməsi peşəkar CRM modullarının tətbiqini zəruri edir. Bu əməliyyat sistemləri müasir dünyada müştəri məmnunluğunun əsasını təşkil edir. Xidmət mədəniyyətinin və işçi heyətinin işgüzar bacarıqlarının yüksəldilməsi məqsədi ilə vaxtaşırı təlimlər keçirilməlidir. Xüsusən də təlimlər kredit mütəxəssislərinin biznes təhlil imkanlarının yüksəldilməsinə xidmət etməlidir. Çünki biznesin qeyri-peşəkar təhlil edilməsi yarana biləcək kredit risklərinin əsasını təşkil edir. Əgər bank rəhbərliyi hər hansı bir mütəxəssisə biznesin təhlil edilməsi ilə bağlı göstəriş verirsə, o ilk növbədə bu mütəxəssissin bu sahə üzrə bilik və məlumatlılıq səviyyəsinə əmin olmalıdır. Mütəxəssis də öz üzərində işləməli, təhlil bacarıqlarını yüksəltməli, sahə üzrə maksimum informasiya toplamalıdır. Kreditləşdirmədə risk yarada biləcək növbəti amil komitə faktorudur. Kredit komitələrində aşağıda göstərilən hər bir prinsip təmin edilməlidir:
- müstəqillik
- peşəkarlıq
- kollegiallıq
- riskin balanslaşdırılması
- nəticə çıxarma.
Komitə üzvlərinin düzgün seçilməsi vacib göstəricidir. Komitə üzvləri fəaliyyətlərində yuxarıda göstərilən prinsiplərin hər birini təcəssüm etdirməlidirlər. Komitə üzvləri satış sahəsində nəzəri və təcrübi biliklərə malik olmalı və biznes sferasına çıxış imkanlarına malik olmalıdır. Biznes sahəsində geniş məlumatlı komitə üzvləri kreditlə bağlı risklərin düzgün müəyyənləşdirilməsi və balanslaşdırılması sahəsində daha peşəkardırlar.
Banklara qarşı keyfiyyətli kredit satışı ilə bağlı ən ciddi tələb isə ölkə başçısı cənab İlham Əliyev tərəfindən verilmişdir. Ölkə başçısı “banklara ayrılan maliyyə resursları real iqtisadiyyata yönəldilməlidir” deməklə bankları bahalı istehlak kreditləri ilə əhalini borclandırmamağa, həmçinin biznes subyektlərinin yatırımları elə real biznesin özünə yönəltməyə çağırdı. Biznes sektorunun optimal maliyyələşdirilməsi, ümumi iqtisadi artıma şərait yaradır, işsizlik probleminin həllinə səbəb olur, rəqabətyönümlü məhsul istehsalını stimullaşdırır və s. Son zamanlar Mərkəzi Bankın kommersiya banklarına etdiyi tövsiyyə və tapşırıqlar da öz növbəsində kredit bazarında keyfiyyət göstəricilərinin yüksəldilməsinə xidmət edir. Bu siyasət nəticə etibarilə kredit satışı üzrə bazarın daralmasını təmin etməklə yanaşı, kredit portfelinin sağlamlaşdırılmasına xidmət edəcəkdir. Bu isə öz növbəsində kefiyyətli bank xidmətlərinin göstərilməsini zəruri edəcək ki, müştəri daralan bazarda ən keyfiyyətli xidmət göstərən bankı seçəcəkdir.
Comments are closed.