Bank krediti, iqtisadi kateqoriya olaraq, bağlanmış müqavilə əsasında məqsədlilik, müddətlilik, təminatlıq, geri qaytarılma və faiz ödənmə prinsiplərini özündə ehtiva etməklə verilən müvəqqəti sərbəst pul vəsaitidir. Bank maliyyə agenti kimi sərbəst maliyyə vəsaitlərini təklif edəndən alıb (depozit kimi) tələb edənə satarkən (kredit kimi) bir sıra riskləri ölçməli, müxtəlif qiymətləndirmə parametrlərini analiz etməlidir. Belə olan halda sual yaranır: “yaxşı” borcalan “pis” borcalandan hansı metodlarla fərqləndirilməlidir?
Modern kredit bazarında kredit resursları təklif edən təşkilatlar bır sıra qiymətləndirmə mexanizm və üsullarını tətbiq edirlər. Bunlara misal olaraq, amerikalı iqtisadçı Michael Sinkeyin ideya müəllifi olduğu və geniş yayılmış “Kreditin 5C-si” (Five C’s of credit) metodunu göstərmək olar. Qiymətləndirmənin bu metodu özündə keyfiyyət meyarlarını birləşdirməklə aşağıdakı komponentlərdən ibarətdir:
- Şərait (condition) – iqtisadi konyukturda dəyişikliklər, volatillik, qiymətlərin kəskin enişi və s. bu kimi hallara qarşı borcalanın biznesinin dayanıqlığı;
- Likvidlik (cash flow) – borcalanın likvidlik göstəriciləri;
- Təminat (collateral) – kreditin təminatının mövcudluğu və onun növü;
- Kapital (capital) – borcalanın şəxsi kapitalının, habelə aktivlərinin mövcudluğu, aktivlərin növü;
- Xüsusiyyət (character) – borcalanın fərdi keyfiyyətləri.
Lakin, bir çox hallarda kreditləşmə prosesində elə mexanizmlərin tətbiqinə ehtiyac yaranır ki, həmin üsullar 5C və s. digər qiymətləndirmə prinsiplərinin keyfiyyət göstəricilərini kəmiyyət göstəricilərinə, statistik modellərə çevirə bilsin. Bu növ modellər sırasında kredit skorinqi xüsusi qeyd edilməlidir.
Skorinq, (ingilis dilindən tərcümədə “score” “xal”, “qiymət” mənasını verir, təcrübədə tərcümə olunmadan “skor” kimi istifadə edilir), borcalanın davranışlarının kredit risk dərəcəsinə münasibətini əks etdirən riyazi-statistik modeldir. Kredit skorları şəxlərin kredit tarixçəsində skor əldə edilən an üzrə mövcud məlumatlara təkmil alqoritm və statistik düsturların tətbiq edilməsilə alınır və adətən üç rəqəmli formatda mövcud olur.
Tarixi.
Yarım əsrdən çox müddətdə istifadə edilən skorinq anlayışı ilk dəfə 1956-cı ildə Fair Isaac şirkətinin təsisçiləri olan amerikalı iki gənc mütəxəssis – mühəndis Bill Fair və riyaziyyatçı Earl Isaac tərəfindən meydana çıxarıldı. Cütlük həmin ildə FICO şirkətini təsis etməklə ötən dövr ərzində kreditləşmə prosesində defolt riskinin ölçülməsi prosesində riyazi formulalardan istifadənin ən təcrübəli kredit mütəxəssisinin özünəməxsus metodlarından da effektiv ola biləcəyi barədə kredit resurslarının sahiblərini inandıra bildi. Kredit skorinqi iqtisadi dairələrdə geniş istifadəçi dəstəyini 1995-ci ildən etibarən əldə etməyə başladı. Belə ki, həmin ildə ABŞ-ın ipoteka kreditləşdirilməsi üzrə iki nəhəng agentliyi – Fannie Mae və Freddie Mac, borcverənlərə FICO skorundan istifadə etməyi tövsiyə etdilər. Bu iki təşkilatın ABŞ ipoteka bazarının üçdə iki hissəsindən çoxuna sahib olması faktını nəzərə alsaq, bu tövsiyənin effektini hesablamaq o qədər də çətin olmaz.
Beynəlxalq təcrübə
Beynəlxalq təcrübədə bir çox şirkətlər tərəfindən müxtəlif məzmunlara əsaslanan kredit skorları hazırlanır. ABŞ-da bir neçə şirkət tərəfidən kredit skorları hazırlanır ki, həmin skorların başlağıc və bitmə arelları fərqlidir. Müvafiq şirkətlər və onların təqdim etdikləri skor intervalları aşağıdakı cədvəldə göstərilmişdir:
Şirkət | Məhsulun adı | Skor intervalı | |
Aşağı həddi | Yuxarı həddi | ||
Equifax | Equifax Credit Score | 280 | 850 |
Experian | Experian Plus Score | 330 | 830 |
TransUnion | TransRisk New Account Score | 300 | 850 |
Fair Isaac Corporation (FICO) | FICO score | 300 | 850 |
Cədvəl 1. ABŞ şirkətlərinin təqdim etdikləri skorlar üzrə intervallar
Göstərilənlərlə yanaşı, ABŞ-da “VantageScore” məhsulu da kredit bazarında geniş şəkildə istifadə edilir. Məhdud məsuliyyətli cəmiyyət olan VantageScore LLC Equifax, Experian və TransUnion şirkətlərinin ortaq müəssisəsi hesab edilir. Şirkət qeyd edilmiş hər üç kredit hesabatlığı müəssisəsindən (Equifax, Experian, TransUnion) məcmu kredit məlumatlarını toplamaq üçün özünəməxsus modellərdən və təkmil məlumat bazalarından istifadə etməklə yekun vahid skor hazırlayır. “VantageScore”-un intervalları 501-990 aralığında dəyişir.
Avropada isə kredit skorinqi xidmətləri bir neçə şirkət tərəfindən təklif olunur. Bunlardan ən inkişaf etmiş şirkətlərə misal olaraq İtaliyanın CRIF, İslandiyanın CreditInfo, Almaniyanın Schufa şirkətlərini göstərmək olar. Bu şirkətlərin təqdim etdikləri kredit skorları üzrə intervallar aşağıdakı kimidir:
Şirkət | Məhsulun adı | Skor intervalı | |
Aşağı həddi | Yuxarı həddi | ||
CRIF | CRIF score | 400 | 600 |
Schufa | Schufa-Vollauskunft | 100 | 600 |
CreditInfo | Creditinfo Predictor | 250 | 900 |
Cədvəl 2. İtaliya, Almaniya və İslandiyanın bəzi şirkətlərinin skor intervalları
Türkiyədə isə müvafiq xidmətləri Kredi Kayıt Bürosu həyata keçirir. Ümumilikdə Avropada fəaliyyət göstərən kredit bürolarının 82%-i öz müştərilərinə kredit skorinqi xidməti təklif edir.
Skorda kredit məlumatlarının çəkisi
Kredit skorların formalaşmasını şərtləndirən kredit məlumatlarının parametrləri əsasən eyni olsa da, skora təsiri üzrə xüsusi çəkisi müxtəlifdir. Aşağdakı şəkildə FICO skorunda kredit məlumatlarının müvafiq payları əks olunmuşdur:
Hər bir parametri ayrılıqda təhlil edək.
Ödəniş tarixçəsi. Skorun 35%-ni əhatə edən bu parameter borcalanın bütün növ kreditləri üzrə ödəniş tərzi, vaxt keçmiş kredit öhdəlikləri üzrə gecikmə günlərinin sayı və gecikmə məbləği, o cümlədən digər ictimai məsuliyyət xarakterli hərəkətlərin (əmək haqqına qoyulan həbs, məhkəmə çəkişmələri, ödənilməyən digər borclar və s.) mövcudluğu və onların məbləğini əks etdirir.
Gecikdirilmiş öhdəliklərin analizi zamanı isə diqqət əsasən aşağıda qeyd edilmiş 3 faktor üzərində cəmlənir:
- Gecikmələrin tezliyi – gecikmənin nə qədər yaxın tarixdə baş verməsini diqqətə alır. Daha köhnə tarixlərdə baş vermiş gecikmə skora daha az təsir göstərir;
- Gecikmələrin mütəmadiliyi – təbii ki, bir və ya iki gecikdirmə faktı olan borcalanın skoru, bir neçə gecikməsi olandan daha yaxşı olacaq;
- Gecikmələrin ağırlığı – kredit skorunda pis sayıla biləcək göstəricilərin dəqiq ierarxiyası mövcuddur. Yəni, 30 günədək gecikmələr 60 və ya 90 gün gecikməyə nisbətdə daha az mənfi təsirə malikdir. Məhkəmələr tərəfindən tətbiq edilən müxtəlif sanksiyalar, o cümlədən vergi sanksiyaları və müflisləşmə kredit skoruna ən ciddi formada mənfi təsir göstərən parametrlər hesab olunurlar.
Borc məbləği. Skorun 30%-ni təşkil etməklə aktiv kredit borclarının məcmu qalıq məbləği, aktiv borc olan kredit hesablarının sayı, istifadə edilən kredit xətlərinin və ayrılmış kredit xətti limitinə nisbəti kimi göstəriciləri analiz edir.
Kredit tarixçəsinin müddəti. Skorda xüsusi çəkisi 15%-dir və aşağıda göstərilən 2 faktoru nəzərə alır:
- ən köhnə kredit hesabının yaşını;
- bütün hesabların orta yaşını.
Qısa kredit tarixçəsilə yaxşı skor əldə etmək mümkündür. Lakin, təcrübəyə əsasən kredit tarixçəsinin “qədimliyi” skora müsbət təsir edir.
Yeni kreditlər. Bu parametrin skorda xüsusi çəkisi 10%-dir. Müvafiq göstəriciyə yeni alınan kreditlərin sayı ilə yanaşı borcalanın maliyyə vəziyyətinin qiymətləndirilməsi məqsədilə kredit təşkilatları tərəfindən onun barəsində həyata keçirilən sorğuların sayı da təsir göstərir. Parametr aşağıdakı göstəriciləri nəzərə alır:
- yaxın tarixdə kredit alınması üçün kredit təşkilatlarına edilmiş müraciətlərin sayı;
- yaxın tarixdə əldə edilmiş kreditlərin sayı;
- kredit alınması üçün kredit təşkilatlarına edilmiş sonuncu müraciətin üzərindən keçən vaxt;
- əldə edilmiş sonuncu kreditin üzərindən keçən vaxt.
Kredit növləri. Skorda xüsusi çəkisi 10%-dir, Fərqli kredit məhsullarından ibarət kredit tarixçəsi skora müsbət təsir göstərən amildir. Yüksək skorun əldə edilməsi üçün yenilənən borc növlərilə (kredit kartları, kredit xətləri) yanaşı, bərabər hissələrlə ödəniş həyata keçirilən borc tiplərinin (avtomobil krediti, ipoteka krediti və s.) “qızıl ortası”nın tapılması məqsədəuyğundur. Lakin, burada bir faktı xüsusilə nəzərə almaq lazımdır ki, skorun müsbət xarakterizə edilməsi üçün zərurət olmadan alınan kreditlər yekunda mənfi təsirə də malik ola bilərlər. Belə ki, hər bir kredit məhsulu üzrə kredit təşkilatına edilən müraciət sistem tərəfindən qeydə alındığı üçün bu cəhdlər “bumeranaq effekti” verərək skora mənfi təsir edə bilər.
Skorun formalaşmasına yuxarıda sadalanan parametrlər ayrılıqda deyil, kompleks şəkildə təsir göstərir. Bu səbəbdən yüksək kredit skorunu əldə etmək, onu qoruyub saxlamaq üçün kredit tarixçəsində mənfi xarakterizə olunan ayrı-ayrı parametrləri “yaxşılaşdırmaq” üçün cəhdlər etmək əvəzinə ümumilikdə maliyyə intizamına riayət etmək daha məqsədəuyğundur.
Kredit skorinqinin bankın kredit siyasətində yeri
Skorinq sistemlərinin bazisində belə bir ehtimal yer tapır ki, oxşar sosial-iqtisadi göstəricilərə məxsus şəxslər, eyni zamanda oxşar davranışlar sisteminə sahibdirlər. Məsələn, əgər borcalanın bəzi sosial xüsusiyyətləri (cinsi, yaşı, iş yeri, vəzifəsi və s.) və maliyyə göstəriciləri (gəlirləri, xərcləri və s.) müəyyən əmsallarla ifadə edilərsə, o halda hər yeni borcalanı ona aid məlumatlar əsasında şərti olaraq “münasib” və ya “qeyri-münasib” adlandıra biləcəyimiz kateqoriyalara ayırmaq mümkündür. Lakin, burada bir məqamı xüsusilə nəzərə almaq lazımdır ki, skorinq, daha dəqiq ifadə etsək, kredit skorları, özlüyündə yekun qərar ehtiva etmir, yalnız daxili qərar qəbuletmə proseslərində obyektiv qiymətləndirmə aləti qismində çıxış edir.
Kredit skorinqinin tətbiqi sayəsində kredit qərarlarının qəbul edilməsi prosesi dava çevik xarakter alır. Belə ki, bankdaxili qərar qəbuletmə sistemlərinə inteqrasiya edildiyi halda kredit skorları kredit qərarlarının verilməsi prosedurlarının avtomatlaşmasına təkan verir ki, bu da öz növbəsində bankın kredit mütəxəssisləri tərəfindən kredit müraciətinin qiymətləndirilməsi zamanı subyektivliyi minimallaşdırır. Bununla yanaşı, kredit skorları realizə edilən kredit məhsulları üzrə müəyyən limitlərin də tətbiqində istifadə edilə bilər. Müvafiq limitlərin tətbiqi, yuxarıda bəhs edildiyi kimi, “münasib” borcalanları “qeyri-münasib” müştərilərdən ayırmağa kömək edir. Beləliklə, bank müsbət xarakterizə edilən, yaxşı skora malik borcalan kateqoriyasına daha yumşaq şərtlərlə kredit məhsulları təklif edir. Şübhəsiz ki, ən fundamental şərt rolunda məhsulun qiyməti, yəni kreditin faiz dərəcəsi çıxış edir. Qeyri-kafi skora sahib borcalanlar üzrə isə bankın yanaşması fərqli ola bilər. Belə ki, bank müştəriyə kredit verib-verməmək kimi dilemma qarşısında qaldıqda iki formada addım ata bilər:
- kredit verilməsindən tamamilə imtina etmək;
- krediti daha mürəkkəb şərtlərlə realizə etmək.
Mahiyyət etibarilə kredit skoru borcverənin məruz qala biləcəyi kredit riskinin spesifik səviyyəsidir. Bu riskin səviyyəsi ilə bankın borcvermə niyyəti tərs mütənasibdir. Yəni, risk səviyyəsi nə qədər yüksək olarsa, bankın kredit vermə arzusu bir o qədər aşağı olur. Belə olan halda bank məruz qala biləcəyi riski kompensasiya etmək məqsədilə krediti bazar qiymətindən yuxarı satmaq barədə də qərar qəbul edə bilər.
Makroiqtisadi faydaları
Kredit skorinqinin makro səviyyədə iqtisadiyyata bir sıra faydaları vardır. İlk növbədə, onun sərbəst maliyyə vəsaitlərinə rahat çıxış imkanının yaradılmasındakı rolu xüsusi qeyd edilməlidir. Belə ki, həmin resurslara çıxış istiqamətində minimal məhdudiyyətlərə nail olunması uzunmüddətli perspektvdə iqtisadi artımın təmin edilməsində və resessiyanın qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bununla yanaşı, kreditin əldə olunması xərclərinin minimallaşması yüksək və aşağı gəlirlilik dövrlərində yumşaq istehlakın təmin olunmasına da köməklik göstərir.
Kredit skorinqi, eyni zamanda kredit bazarında maliyyə intizamının yüksəldilməsinə, habelə borcalma nüfuzunun qorunmasına da öz təsirini göstərir. Bank əməkdaşı tərəfindən subyektiv qiymətləndirilmə riskinin minimuma enməsi və obyektiv anderraytinq təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanlarını genişləndirir. Lakin, ödəniş tarixçəsi dövründə öhdəliklərin vaxtlı-vaxtında icra edilməməsi, habelə bir sıra digər parametrlər borcalanların maliyyə resurslarına sərbəst çıxış imkanlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Bununla yanaşı, hətta dövr ərzində hər hansı gecikmələrə yol verilməsə belə, eyni vaxtda bir neçə aktiv kredit borcunun mövcudluğu da yüksək risk kimi qiymətləndirilə və dolayısı ilə skorun aşağı olması ilə nəticələnə bilər. Beləliklə, kredit skorinqi hər bir borcalanı məsuliyyətli qaydada borclanmağa və ödəniş tərzində yüksək intizama riayət etməyə təşviq etməklə daha sərfəli şərtlərlə və qısa müddət ərzində kredit resursu əldə etməsinə kömək edir. Makroiqtisadi səviyyədə isə uzunmüddətli perspektivdə sektorda kredit risklərinin minimuma endirilməsinə öz təsirini göstərir.
Kredit skorinqinin maliyyə sistemin digər sektorlarında rolu
Kredit skorları bank sektorunda geniş istifadə edilməsinə baxmayaraq, kredit riskinin minimallaşdırılmasına göstərdiyi təsir səbəbindən maliyyə sisteminin digər sferalarında da istifadə edilir. Belə ki, bank sektorunda olduğu kimi sığorta sferasında da müştərinin dərin və geniş anderraytinqi yekunda baş verə biləcək maliyyə itkilərinin qarşısının alınmasında ən əsas yeri tutur.
Skorinq anlayışının ABŞ-da təşəkkül tapması sığorta sahəsində tətbiq edilən kredit skorlarının da ilk dəfə məhz ABŞ-da yaranmasına rəvac vermişdir. 1970-ci ildə “Ədalətli kredit hesabatlığı qanunu” (Fair Credit Reporting Act, qısaca FCRA) sığorta sahəsində kredit skorlarının tətbiqinə icazə verdi. 1980-ci ilin sonlarında FICO şirkəti sığorta bazarında mövcud durumu qiymətləndirərək müvafiq skorun tətbiqi istiqamətində əməli addımlar atmağa başladı. 1991-ci ildə isə şirkətin kredit büro məlumatları əsasında hazırladığı ilk sığorta skor məhsulu istismara verildi. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı sayəsində sığorta skoru qlobal müstəvidə bir sıra iri şirkətlər tərəfindən hal-hazırda geniş şəkildə istifadə edilməkdədir.
Sığorta skoru, sığortaolunanın müəyyən vaxt aralığında sığortaedənə qarşı sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı iddiasının baş vermə ehtimalını hesablayır. Mahiyyət etibarilə kredit skoru kimi burada da, skorla təqdim olunacaq sığorta məhsulunun qiyməti, şərtləri və s. tərs mütənasib olur. Yəni, skorun aşağı olması daha mürəkkəb, yüksək olması isə daha münasib şərtlərlə sığorta təminatı əldə etmək deməkdir. Aparılan tədqiqatlar göstərir ki, ABŞ-da istehlakçıların 70%-dən çoxu məhz skor müqabilində müəyyən endirimlə sığorta məhsulları əldə edirlər. Burada əsas məntiq ondan ibarətdir ki, skor olmadan sığorta üçün müraciət edən şəxslər yanlış təsnifləşdirilə bilər. Yəni, misal olaraq, məsuliyyətli sürücü daha intizamsız digər bir sürücünün davranışları nəticəsində sığorta şirkətinə dəyəcək zərərin maliyyəşlədirilməsində yüksək sığorta təminatı ödəməklə dolayısı ilə iştirak etmiş olacaq. Nəticədə, aşağı riskli müştərilər üçün sığorta tarifi yüksək, yüksək riskli müştərilər üçün isə sığorta qiyməti aşağı olacaqdır.
Sığorta skorunun anderraytinqdə aktiv şəkildə istifadəsi ilə sığorta hadisələrinin baş verməsi arasında düz mütənasib əlaqələr bir neçə tədqiqatda öz təsdiqini tapmışdır. ABŞ-ın istər lokal, istərsə də qlobal sığorta bazarında iri oyunçularından hesab edilən MetLife şirkətinin aktuarisi James E.Monaghan 170,000-dən çox avtomobil sığortası üzrə sürücülərin maliyyə intizamı ilə şirkətin itkiləri arasında əlaqəni əks etdirən bir tədqiqatla çıxış etdi. Məlum olduğu kimi, sığorta itkisi sığorta şirkətinin hər 1 dollar yığımı üzrə sığorta ödənişinin nisbətini əks etdirir. Cədvəl 3-də sürücünün yığım hesablarının sayı ilə sığorta itkisi arasındakı əlaqə göstərilmişdir:
Yığım hesablarının
sayı |
Sığorta itkisi
(faizlə) |
yoxdur | 74.1% |
1 | 97.5% |
2 | 108.4% |
3 və daha çox | 118.6% |
Cədvəl 3. Yığım hesablarının sayı ilə sığorta itkisi arasında əlaqə
Tədqiqatın davamında ekspert inzibati təshih tədbirləri (müflislik, maliyyə sanksiyaları, icra edilməmiş öhdəlik sənədləri və s.) ilə də sığorta itkiləri arasındakı əlaqəni aşkar edə bildi:
İnzibati təshih tədbirlərinin sayı | Sığorta itkisi
(faizlə) |
yoxdur | 73.8% |
1 | 96.5% |
2 | 104.2% |
3 və daha çox | 114.1% |
Cədvəl 4. İnzibati təshih tədbirlərinin sayı ilə sığorta itkisi arasında əlaqə
Texas Universiteti (UTA) tərəfindən növbəti illərdə aparılan müstəqil tədqiqat da ekspert James E.Monaghan tərəfindən həyata keçirilən tədqiqatla oxşar nəticələr hasil etdi. Belə ki, 153,326 avtomobil sığortası polisləri üzrə son 12 ayda sığorta ödənişi ilə bağlı iddia qaldıran sığortaolunanlarla onların skoru arasında əlaqə göstərdi ki, skoru daha aşağı olan sığortaolunanlar şirkətə daha çox itki hesabına başa gəldiyi halda, yüksək skora sahib müştərilər daha az zərər yaşadırlar. Tədqiqat aparılan dövr ərzində ali təhsil müəssisənin mütəxəssisləri müəyyən etdilər ki, aşağı skora sahib müştərilərin avtomobil sığortası polisi üzrə orta itkisi 918 ABŞ dolları təşkil etdiyi halda, yüksək skorlar üzrə müvafiq göstərici 558 ABŞ dolları təşkil edir. Bir polis üzrə orta hesabla itki isə 695 ABŞ dollarına bərabər olmuşdur.
Skorinq məhsullarının bank, habelə ümumilikdə maliyyə sektorunda aktiv şəkildə istifadəsi bazar iştirakçılarının maraqlarını qarşılıqlı surətdə təmin etməyə xidmət edəcəkdir. Bir tərəfdən sərbəst maliyyə resurslarını özündə cəmləyən kredit təşkilatları, o cümlədən sığorta şirkətləri kredit riskinin ölçülməsində skorinqlərdən istifadə etməklə tranzaksiya müddətinin sonunda baş verə biləcək itkilərini minimuma endirməyə nail ola bilərlər. Digər tərəfdən isə, skorinqin tətbiqi sayəsində istehlakçılar rəqabət üstünlüyü sayəsində daha sərfəli və aşağı qiymətli resurslara çıxış imkanı əldə etmiş olurlar. Vaxtlı-vaxtında icra edilən öhdəliklər, məsuliyyətli borclanma bu yolda istehlakçıların işini daha da asanlaşdırır.
Müəllif: Əfqan İmanzadə, ADİU “Maliyyə və maliyyə institutları kafedrası”nın dissertantı