“Kömək Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, istintaqla həmin qurumun təsisçisi və direktoru olmuş Hüseynov Aydın İsa oğlunun 2012-2016-cı illər ərzində müxtəlif şəxslərin adlarına saxta kredit müqavilələri tərtib etməklə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna məxsus 1 milyon manatdan artıq pul vəsaitini sahibkarlara güzəştli kredit verilməsi adı altında mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
İbtidai istintaq dövründə vurulmuş ziyandan 514 min manatının ödənilməsi təmin edilib, həmçinin müstəntiqin qərarı və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus müxtəlif daşınmaz əmlakların üzərinə həbs qoyulub.
Toplanmış sübutlar əsasında Aydın Hüseynova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.