7 C
Baku
Thursday, December 12, 2024

Kredit təşkilatlarına torpaq vergisi üzrə hansı güzəşt nəzərdə tutulub?

2024-cü ildə Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də kredit təşkilatlarının ödəməli olduğu torpaq vergisi ilə bağlıdır.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeniliyi iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Bu ildən Vergi Məcəlləsinə torpaq vergisi ilə bağlı yeni maddə əlavə edilib. Məcəllənin 207.12-ci maddəsinə əsasən, kredit təşkilatları verilmiş kredit müqabilində onların mülkiyyətinə keçən torpaqlara görə həmin torpaqların balansa götürüldüyü təqvim ilindən başlayaraq 2 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

Bu maddənin əlavə edilməsində məqsəd ondan ibarətdir ki, kredit təşkilatları ayırdıqları kredit xəttini geri ala bilmədikdə, girov kimi qoyulmuş torpağı balansına aktiv olaraq qəbul etdikdən sonra bu, torpağın ayrılan kredit məbləğini əvəz etməsi kimi nəzərə alınaraq torpaq vergisi verilməsin. Bu da öz növbəsində kredit təşkilatlarına stimul verəcək.

Misal: Fiziki şəxs Fariz Səmədov (ad şərtidir) mülkiyyətində olan 10 ha torpağını 2024-cü ilin aprel ayında girov qoyaraq “BY” kredit təşkilatından 510.000 manat kredit götürüb. Kredit ödənişi edə bilmədiyi üçün girov kimi qoyulan 10 ha torpaq 2025-ci ilin yanvar ayında “BY” kredit təşkilatının mülkiyyətinə keçib. Bu zaman 2025-ci ilin yanvar ayından 2 il müddətinə “BY” kredit təşkilatı mülkiyyətinə keçən 10 ha-lıq torpağa görə vergi ödəməyəcək.

Burada əsas məqamlardan biri də həmin kredit təşkilatının torpaq vergisi bəyannaməsini verib-verməyəcəyi ilə bağlıdır. Vergi Məcəlləsinə baxdıqda bəyannamənin verilməməsi ilə bağlı müddəaya rast gəlinmir. Ona görə də kredit təşkilatı torpaq vergisi bəyannaməsində 10 ha torpağı bəyan edib güzəştə saldıqdan sonra bəyannaməni Dövlət Vergi Xidmətinə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər