24 C
Baku
Thursday, April 18, 2024

“Kredit Zəmanəti Fondu”nun xidmət haqları nə qədərdir? Banklar nə qədər ödəməlidir?

Müvəkkil bankların “Kredit Zəmanəti Fondu” ASC-yə ödəyəcək xidmət haqlarının qaydaları və məbləği açıqlanıb.

Banker.az xəbər verir ki, bu barədə, Prezidentin imzaladığı sərəncamda “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi” qaydasında deyilir.

Qaydaya əsasən, Müvəkkil bank zəmanət verilməsi üçün etdiyi hər bir müraciətə baxılmağa görə Fonda birdəfəlik xidmət haqqı və zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyəcək.

Zəmanət məbləği 200 000 manat və ondan aşağı olan hər bir müracət üçün müvəkkil bank tərəfindən 25 manat, 200 000 manatdan yuxarı olan hər bir müraciət üçün isə 50 manat xidmət haqqı ödəyəcək.

Birdəfəlik komissiya zəmanət qüvvəyə mindiyi tarixə  “Kredit Zəmanəti Fondu”nun Müşahidə Şurasının təsdiq etdiyi tarifə uyğun hesablanır.

Birdəfəlik komissiya verilən zəmanət məbləğinin 0,5%-dən çox ola bilməz.

İllik komissiyanın həcmi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-də kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq müəyyən edilir. İllik komissiya zəmanətin qüvvəyə mindiyi tarixdən hesablanacaqdır.

Birdəfəlik komissiya zəmanətin qüvvəyə mindiyi tarixə olan məbləği üzrə hesablanır. İllik komissiya isə zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır.

Müvəkkil bank birdəfəlik və illik komissiya, habelə xidmət haqqı barədə hər rüb bitdikdən sonra növbəti 5 iş günü müddətində Cəmiyyətə hesabat təqdim edir. Hesabat təqdim edildikdən sonra növbəti 3 iş günü müddətində müvafiq ödənişlər Cəmiyyətin Azərbaycan Respublikası Mərkəzi Bankında olan hesabına köçürülür.

Bu Qaydanın 8.6-cı bəndində qeyd olunmuş hesabatın formasını və təqdim edilmə qaydasını Cəmiyyətin Müşahidə Şurası müəyyən edəcək.

Son xəbərlər
Digər xəbərlər