9 C
Baku
Thursday, December 12, 2024

Krediti ancaq bankda dollar hesabı olanlar alacaq

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mayın 4-də keçirilən iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Qərarda xarici və milli valyutada istehlak kreditlərinin verilməsi şərtləri və onlara dair yeni prudensial çərçivə öz əksini tapıb. Xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 4 aprel 2016-cı il tarixli qərar qüvvədə qalıb. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulub.

Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.
Bununla yanaşı, milli valyutada istehlak kreditlərinin verilməsi borcalanların borc yükünün izafi artmasının məhdudlaşdırılması əsasında aparılacaq. Bu məqsədlə borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsallarının daxil edilməsi nəzərdə tutulur.
İclasda eyni zamanda, bank sisteminin dayanıqlığının təmin olunması məqsədi ilə gələcəkdə banklara kredit risklərinin idarə edilməsində daha sərt prudensial çərçivənin tətbiq olunması üzrə qərar qəbul edilib. Bu zaman kapital buferinin möhkəmləndirilməsi və gözlənilən zərərlərə qarşı ehtiyatlanmanın mərhələli şəkildə artırılması nəzərdə tutulur.
İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev Palatanın son qərarını şərh edərkən bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etdi: “Bununla da palatanın xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratorium aradan qalxdı. Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək”.
Kimlər xarici valyutada istehlak krediti ala biləcək?
 
S.Əliyev qeyd edir ki, xarici valyutada gəlirləri olan, banklarda xarici valyutalarda əmanətləri olan şəxslər kredit ala biləcək: “Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85 faizinin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar.
Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər.
Palata, həmçinin, xarici valyutada ipoteka kreditlərinin verilməsi qadağan edilib”.
S.Əliyevin sözlərinə görə, palatada xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilir: “Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.
Millət vəkili, iqtisadçı-ekspert Əli Məsimli isə bildirir ki, banklar tərəfindən əhaliyə xarici valyutada verilmiş kreditlərlə bağlı yaranmış vəziyyətin gərginliyinin azaldılması məqsədilə deputat həmkarı Vahid Əhmədovla birlikdə təkliflər hazırlayıblar. Millət vəkilinin sözlərinə görə, hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və borca düşən biznes strukturlarının üzərindədir: “Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal “əhali-bank-biznes strukturları” zəncirinin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi dövlət qurumları hesab edir ki, “bu məsələ banklarla əhali arasında yaranan problemdir. Banklar uzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb,ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar”. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı var, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır”.
Ə.Məsimli hesab edir ki, bu məsələ sistem xarakterli olduğundan, ona birtərəfli yox, sistemli yanaşmaq lazımdır: “Bu məqsədlə biz risklərin “dördbucaq sistemi” üzrə “dövlət – Mərkəzi Bank -kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə etmişik.
Bundan əlavə, xarici valyutada verilmiş kreditlərin maliyyə yükünün yalnız əhalinin üzərinə atılmasının əleyhinəyik. Bu sahədə yaranmış kritik vəziyyəti aradan qaldırmaqdan ötrü, dollarla kredit borcu olan vətəndaş qruplarının hər birinə müvafiq həll üsulu tətbiq olunması və bu işin maliyyə tərəfinin bir qurumun üstünə atılmaması, vəziyyətdən çıxışın optimal variantı kimi devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq sistemi” üzrə “dövlət – Mərkəzi Bank -kommersiya bankları və əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsi variantını irəli sürmüşük”.
Millət vəkillərinin təkliflər paketində min manata qədər olan və monitorinqlər nəticəsində onun qaytarılmasına ümid olmayan hissəsinin bağışlanması nəzərdə tutulub: “Habelə, kredit borcu 5 min dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan təqribən 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir. Çünki dövlət dəstəyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdür.
Əhalinin məişət əşyaları almaqdan ötrü aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın tətbiq edilməsini, borcun manat dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulmasını və sair təklif etmişik.
Həmçinin, iri məbləğli borclara münasibətdə manatın dollara olan 21 fevral və ya 21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1.20-1.30 manat intervalında) əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsini zəruri hesab edirik. Burada da yenə ödənişin bütövlükdə bankların üzərinə atılmasından yox, “dördbucaq sistemindən” söhbət gedir. Amma birinci dördbucaqdakı vətandaşı burda artıq iri kredit götürmüş biznesmen əvəz edir.
Bankların bu prosesdə iştirakı müqabilində ölkəmizdə həyata keçirilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, “Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırılması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və sair də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirilməsini zəruri hesab etmişik.
Hesab edirik ki, yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən uzlaşdırılmasına aparan yolla məsələni yumşaltmaq olar. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar. Bütün bunlar da iqtisadiyyata güclü təkan verər”.
BizimYol
Son xəbərlər
Digər xəbərlər