22 C
Baku
Saturday, April 20, 2024

Kreditin mahiyyəti, funksiaları və prinsipləri

Biz kredit haqqında danışan zaman ağlımıza ilk öncə pul gəlir. Pul haqqında danışdığımız zaman isə ilk öncə ağıla ticarət gəlir. Keçmişdə insanlarda pula ehtiyac kimi bir anlayış yox idi. Onlar əsasən ticarəti barter (dəyişdirmək) yolu ilə edirdilər. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan “pekuniya”-pul, “pekus”-mal-qara sözündən yaranmışdır. Həmçinin “Kapital” sözü də latın dilindəki caput sözündən götürülüb. Caput sözünün mənası isə “baş” deməkdir. Cəmiyyət inkişaf etdikcə pullara olan ehtiyac da yaranmağa başlamışdır. Pul tarixi iqtisadi kateqoriya kimi cəmiyyətin inkişaf zəruriliyindən doğan bir məhsuldur. Pul – əmtəə və xidmətlərə çevrilmə  xüsusiyyətinə malikdir. Meydana gəldiyi dövrdən tarixi təkamül yolu keçmiş pul xeyli dəyişikliklərə məruz qalmış, təkmilləşmiş, özünün daha mükəmməl formasını tapmağa çalışmışdır və bu proses hələ də davam etməkdədir. Öz təkamülü dövründə pullar aşağıdakı mərhələlərdən keçmişlər: metal pullar – kağız pullar – kredit pullar – elektron pullar.

Qədim zamanlarda pul şəklində müxtəlif metallar; əvvəlcə mis, tunc, qurğuşun və s., daha sonra isə mübadilənin getdikcə inkişafı, dünya bazarının yaranması ilə nəcib metallar olan qızıl və gümüş kəsilməyə başlandı.

Kağız pullar isə ilk dəfə Çində XII əsrdə meydana gəlmişdir. Uzun müddət insanlar kağız pullara inanmayaraq üzərlərində hələ də dəmir pulları gəzdirirdilər. Dövlətlərdə əsl pul kimi birinci gümüşü,sonra isə qızılı görürdülər. Ona görə də ilk kağız pullar sikkələrlə yanaşı buraxılmağa başlanmışdır.

Elektron pullar real pulların modelləşmiş formasıdır. Emissiya təşkilatları – emitent onların müxtəlif sistemlərdə müxtəlif cür adlandırılan, elektron analoqlarını buraxırlar. Sonra bu pullar istifadəçilər tərəfindən alınır və onlar bu pulların köməyilə alış-veriş etmiş olurlar. Bu zaman satıcı emitentlə hesablaşmalar apararaq öz borcunu geri alır. Beləliklə, satıcının hesabında pul artır, alıcının hesabında isə azalmış olur. Emissiya zamanı hər bir pul vahidi elektron möhürlə təsdiqlənir ki, bu da ödəmə zamanı onu buraxan struktur tərəfindən yoxlanılır. Elektron pullara misal Bitcoin, Ethereum, Tether və s. Gətirə bilərik.

Qeyd etdiyimiz kimi, pulun hərəkət formalarından biri də kreditdir. Kredit lаtın mənşəli      «creditum»  sözündəndir, mənası “inanıram, etibar edirəm”  deməkdir.

Screen Shot 2021 05 29 at 12.16.52

Kredit – dəyərin müvəqqəti istifadəyə verilməsi səbəbi ilə bağlı yaranan, borcalan və kreditor arasında formalaşan iqtisadi münasibətlərdir. İstənilən kommersiya bankının kredit siyasəti bir neçə kreditləşmə prinsiplərinə əsaslanır. Yəni bu o deməkdir ki, bank ayrı-ayrı borcalanlara müəyyən şərlər ilə fərqli kredit növləri təqdim edir.

Kredit münasibətlərində 2 tərəf iştirak edir : Borc verən (Kreditor) və Borcalan. Kreditor vəsaitləri bir müddətə borc alana təhvil verir və müddət bitdikdən sonra onları geri almağı nəzərdə tutur. Borc alan isə öz növbəsində vəsaitləri qəbul edir və müddət bitdikdən sonra onları geri qaytarmağı vəd verir.

Кrеdit müəyyən prinsiplərə əsаlаnmаqlа vеrilir:

  • Kredit müəyyən məqsəd (kreditin təyinatı) üçün verilir;
  • Kredit müəyyən müddətə verilir;
  • Kredit geri qaytarmaq şərti ilə verilir;
  • Kredit müəyyən faizlə verilir;
  • Kredit təminatla verilir (geri qaytarmaq mümkün olsun).

Kreditləşmə prosesində kreditin təyinatı, yəni bankdan alınan vəsaitin nə üçün istifadə olunması vacib faktordur. Kredit təyinatı üzrə istifadə olunmadıqda daha sonra onu ödəmək müştəri üçün maraqlı olmur. Onun üçün də kreditin təyinatı üzrə istifadə olunub olunmayacağını müəyyən etmək kredit mütəxəssisi üçün ən vacib amil olmalıdır.

Kreditləşmənin müddətli olması kreditin qaytarılmasının vacib formasını müəyyənləşdirir. Kredit qaytarılmadan mövcud ola bilməz.

Müvəqqəti istifadəyə verilmiş dəyərin geri qaytarılma şərti yoxdursa, onda onu,ümumiyyətlə,kredit adlandırmaq olmaz. Yəni istənilən bir kredit müqaviləsində kredit qaytarılması ilə bağlı punkt öz əksini tapmalıdır.

Geri qaytarılma şərti kreditin növündən, onun təyinatından və kreditləşmə müddətindən asılı olur. Müddətlilik prinsipi kreditin təyin olunmuş müddətdə qaytarılmasını təmin edir, yəni burada vaxt amili kimi konkret müddət çıxış edir. Kreditləşmənin bu növündə kreditdən istifadə müddəti pozulduqda, o əsl təyinatını itirir və bu da banklarda likvidliyə mənfı təsir göstərir.

Borcalan nəinki kreditora götürdüyü krediti geri qaytarmalı, həm də vəsaitlərdən müvəqqəti istifadəyə müəyyən haqq (faizlər) ödəməlidir.

Bu gün heç kəs sona qədər əmin ola bilməz ki, bu və ya digər borcalan mütləq şəkildə götürdüyü krediti bütün faizləri ilə birlikdə geri ödəyəcək. Buna görə də borc verənin, yəni kreditorun mülki hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı tələbat ortaya çıxır. Əgər borcalan hər hansı bir səbəbə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə və ya yerinə yetirməkdən imtina edirsə, bu zaman kreditorun mülki hüquqlarının qorunmasını təmin etməyə ehtiyac yaranır. Kreditin qaytarılmasının təminatı qismində, bank qarantiyaları, girov, mülkiyyət hüququnun ötürülməsi, kreditin sığortalanması, tələblərin digər adamın üzərinə köçürülməsi və s ola bilər. Bu zaman bank qarantiyaları  geri qaytarılmanın ən etibarlı təminatı hesab olunur.           

Kreditin növləri: Məqsədindən (təyinatından) asılı olaraq kreditləri bir necə qrupa bölmək olar. Amma ümumilikdə kreditləri istehlak və biznes (kommersiya) kreditləri olmaqla iki hissəyə ayıra bilərik. 

İstehlak  krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit; (məişət avadanlığı, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.) Bir sözlə , istehlak kreditləri  fiziki şəxslərə şəxsi istifadə məqsədli malların alınması üçün verilən kreditlərdir. Bu kreditlər nəğd kredit formasında və ya kredit kartı formasında verilə bilir.

Biznes kreditləri  – insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.

İstehlak kreditləri yeni dəyər yaratmır. Onlar sadəcə insana hər hansı bir ehtiyacını qarşılmağa kömək edir. Biznes kreditləri isə yeni dəyər yaradır, iqtisadiyyatın yüksəlişinə töhfə vermiş olur.

Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinə bölmək olar.

Nicat Novruzov

Ekspert

“Kreditləşmənin Əsasları” adlı kitabin müəllifi

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər