9 C
Baku
Thursday, December 12, 2024

Kreditləşmə prosesində Kredit Mütəxəssisinin rolu və önəmi

Bütün dünyada olduğu kimi ölkəmizdə də “Bank işi” hər zaman nüfuzlu sahələrdən biri hesab olunub. Məhz buna görə də, bir çox  insan öz hədəflərini bank sektoru ilə bağlamaq istəyir.

Banklar da, öz növbəsində, bilikli, bacarıqlı kadrları cəlb etməkdə həmişə maraqlı olmuşdur. Bankların əsas qazanc mənbəyi kreditdən olduğu üçün “kredit mütəxəssisi” vakansiyasına daha çox rast gəlmək mümkündür.

Bir çox təşkilatlarda, demək olar ki, kredit mütəxəssisi vakansiyası üçün ali təhsilli olmaq mütləq tələb kimi qoyulur. İlkin olaraq, namizədin məntiqi təfəkkürü, daha sonra isə vakansiyaya uyğunluğu yoxlanılır. Hər iki mərhələni uğurla keçmiş namizəd təcrübə müddətinə götürülür. Təcrübə müddətini də uğurla başa vuran namizədlər artıq tam ştatla işə qəbul olunaraq kredit mütəxəssisi kimi işə başlayırlar.

Kredit mütəxəssisi vəzifəsi həm də, demək olar ki, banklarda karyera baxımından daha sürətli yüksəlmək və daha çox gəlir əldə etmək üçün ən uyğun vəzifədir.  Çünki kəmiyyət və keyfiyyət baxımından sağlam portfelə malik olan kredit mütəxəssisi həm təşkilat daxilində yaxşı nüfuza malik olacaq, həm də yüksək əmək haqqı ala biləcək.  Xüsusilə də iqtisad yönümlü ixtisasları bitirmiş gənclər arasında bu vəzifə daha çox populyarlıq qazanıb.

Kredit mütəxəssisi banklarda, bank olmayan kredit təşkilatlarında, kredit ittifaqlarında, lombardlarda və bir sözlə, kreditlə satış həyata keçirilən hər hansı bir qurumda çalışa bilər.

Kredit mütəxəssisləri kreditləşmənin müxtəlif istiqamətlərində işləyirlər: bəziləri istehlak kreditləri, bəziləri ipoteka, bəziləri isə kiçik biznesin kreditləşməsi istiqamətində işləyir. Kredit təşkilatlarında, kredit sahəsində yüksək vəzifədə çalışan əməkdaşların bir çoxu karyeralarını biznes kreditləşməsi sahəsində başlayıblar.

Kredit mütəxəssisi peşəsinin ən spesifik cəhətlərindən biri də odur ki, müəyyən qədər təcrübə topladıqdan sonra əsl insan sərrafına çevrilirsən və demək olar ki, səni hər hansı bir müştərinin aldatmağı müşkül məsələyə çevrilir. Amma çox təssüflər olsun ki, bu gün bu sahədə çalışan bir çox mütəxəssislərə nəzər yetirdikdə görürük ki, onlar öz üzərlərində çalışmırlar, bilik və bacarıqlarını artırmırlar. Bu da, öz növbəsində, onların gələcək karyera artımına mane olur.

Kredit mütəxəssisləri daim olaraq təşkilatın müştəriləri ilə ünsiyyətdə olduğu üçün onları təşkilatın “Siması” da adlandırmaq olar və bu onlar üçün, eyni zamanda böyük bir məsuliyyət deməkdir. Kredit mütəxəssisləri müştərilərlə ünsiyyət zamanı çalışdıqları təşkilatın təmsilçisi olduqlarını unutmamalıdırlar. Onların hər hansı bir davranışı müsbət və ya mənfi, özləri ilə yanaşı, eyni zamanda da təmsil etdikləri təşkilatın imicinə birbaşa təsir edir. Ona görə də onlar müştərilərlə əlaqə zamanı özünü peşəkar aparmalı və belə görünməlidir. Təşkilat haqqında ilkin təssüratı müştəridə məhz kredit mütəxəssisləri yaradır.

Kredit mütəxəssisinin işi əsasən 3 mərhələdən ibarət olur:

  1. Müştəri cəlbi
  2. Kredit verilişi
  3. Kreditlərin idarə olunması

 

Kredit mütəxəssisinin ən başlıca  vəzifələrindən biri də təşkilata müştəri cəlb etməkdir. Kredit mütəxəssisi kredit məhsullarının satışı ilə məşğul olur.

İnsanlar onlara bir şey satılmasını xoşlamırlar, onlar bir şey almaqdan məmnun olurlar. Müasir dövrün  satış modeli etibar və münasibət üzərində qurulmuşdur. Siz insanları təklif etdiyiniz məhsulu almağa inandırmalısınız. Başqa sözlə desək, sizin ideyanız onları cəlb etməlidir.

İnsanlar məhsulları və ya xidmətləri almırlar. Onları cəlb edən çatdırmaq istədiyiniz hislərdir. Hislər dedikdə, arzuolunan hislər, üstünlük (imtiyaz), sevgi, rahatlıq, həyəcan, təhlükəsizlik və s. nəzərdə tutulur. Siz öz məhsulunuzu və ya qərarınızı bütün bu hislər çərçivəsində qarşı tərəfə təqdim edirsiniz. Bu zaman istehlakçıların adətən hansı hislər axtarışında olduğu fikrini nəzərdən qaçırmamalısınız.

Kredit Mütəxəssisi özü özünə reklamdır. Müştərinizin məmnun olması üçün bütün zəruri səyləri göstərin. Məmnun müştəri sadiq müştəriyə çevrilir. Sadiq müştəri sizə yeni müştərilər gətirəcək (Sizi başqalarına məsləhət görəcək).

Praktikadan deyə bilərəm ki, müştəri cəlb edilməsində ən effektiv üsul üzbəüz ünsiyyətdir (birbaşa marketinq). Həm də siz bu cür insanların yaddaşında qalmağıda bacaracaqsınız. Birbaşa marketinq zamanı siz potensial müştərilərə kredit məhsullarınız haqqında məlumat verərək müştərilərin banka cəlb edilməsinə nail ola bilərsiniz.

Birbaşa marketinq təcrübədə ən geniş yayılmış və eyni zamanda da ən effektiv üsuldu, bu zaman adətən təşkilatın kredit məhsulları haqqında məlumatları özündə əks etdirən flayer və bukletlərdən istifadə edirlər. Bukletlər kortəbii formada deyil, yalnız Kredit mütəxəssisinin özü tərəfindən potensial hesab edilən müştərilərə təqdim edilməklə bərabər izah edilməlidir, yalnız bu halda müsbət nəticə gözləmək olar.

Kredit mütəxəssisi çalışdığı təşkilatın mənafeyini müdafiə etməklə kredit üçün müraciət etmiş müştəriyə təşkilatın  kredit məhsulları (mikro, istehlak,  ipoteka,  avto, lombard və s),  kredit xidmətinin şərtləri, kredit ödənişlərinin qəbulu və icrası haqqında geniş məlumat verir, kredit sifarişini qəbul edir, təhlil edir və sənədləşdirir. O, həmçinin müştərilərlə kredit, girov və digər müqavilə və sazişləri bağlayır, qanunvericiliyə uyğun rəsmiləşdirir, rəsmiləşdirdiyi kreditlər üzrə kredit portfelinə nəzarət edir və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsini təmin edir.

Kredit mütəxəssisi olmaq asan deyil. Kredit mütəxəssisləri daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını xüsusilə də dünyagörüşlərini artırmalıdırlar. Yadda saxlayın ki, bütün peşələrin bir düsturu var: əmək və zəhmət olmadan uğur olmur.

 Unutmayın, işinizdə həmişə diqqətli olun. Unutqan Kredit işçisini heç bir rəhbər xoşlamaz.

 

Nicat Bulut oğlu Novruzov

Son xəbərlər
Digər xəbərlər