Arktika Rusiyanın iqtisadi və təsərrüfat fəaliyyəti zonası olduğundan, NATO-nun baş katibi Yens Stoltenberqin Arktika regionunda alyansın mövcudluğunun artırılması zərurəti ilə bağlı bəyanatlarını mənfi qarşılayırıq.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz NATO baş katibinin bəyanatı mənfi qəbul edirik, Arktika bizim iqtisadi, təsərrüfat fəaliyyəti zonamızdır. Rusiyanın təhlükəsizliyini təmin etmək fəaliyyətimizlə bağlı zonadır. Arktika bizim həyati maraqlarımız olan sferadır. Digər ölkələrlə qarşılıqlı fəaliyyət, xüsusilə də Çin Xalq Respublikası ilə əməkdaşlıq yalnız Arktika zonasının daha da inkişafına yönəlib, heç bir başqa ölkə və ya birlik üçün təhlükə yaratmır və yarada da bilməz”, – deyə Kremlin sözçüsü vurğulayıb.
O qeyd edib ki, Kreml bu cür bəyanatları Arktikada Rusiyanın maraqlarına qarşı çıxmaq niyyətinin ifadəsi kimi qəbul edir və Rusiya öz maraqlarını etibarlı, lazımi səviyyədə təmin edəcək.