8 C
Baku
Thursday, December 12, 2024

Krımın Rusiya tərəfindən ilhaqını tanımırıq – Ərdoğan

Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını tanımır və bunu qeyri-qanuni hesab edir. 

Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiyevdə keçirilən Üçüncü Krım Platforması Zirvə görüşünə videomüraciətində yer alıb.

Türkiyənin dövlət başçısı bildirib: “Krımın yerli xalqlarından biri və bizimlə eyni kökdən olan Krım tatarlarının təhlükəsizliyini və rifahını təmin etmək bizim prioritetlərimizdəndir”.

Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin bitməsinin və Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpasının təkcə regiona deyil, bütün dünyaya rahatlıq gətirəcəyini də deyib.

O əlavə edib: “Biz, həmçinin Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqeyimizi qoruyub saxlayırıq. Rəsmi Ankara BMT də daxil olmaqla, hər beynəlxalq platformada Krımın Ukraynanın bir hissəsi olduğunu ardıcıl olaraq vurğulayır. Türkiyə təxminən 18 ay əvvəl başlayan müharibənin ədalətli və davamlı sülhlə sona çatmasının zəruriliyinə də inanır. Biz qan tökülməsinin dayandırılması üçün kommunikasiya kanallarını açıq saxlamaq və heç olmasa tərəfləri danışıqlar masasına oturmağa hazırlamaq üçün ciddi səylər göstəririk”.

Türkiyə Prezidenti öz ölkəsinin də Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq səylərini davam etdirdiyini və bu proses zamanı Ankaranın bölgədə gərginliyi daha da artıracaq addımlardan qaçmağı vacib hesab etdiyini bildirib. R.T.Ərdoğan, həmçinin 2021-ci ildə Rusiya tərəfindən saxlanılan Krım Tatar Məclisinin sədr müavini Nəriman Cəlal və digər Krım tatarlarının azadlığa buraxılmasını gözlədiyini bir daha vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər