Kriptobazarın enişi fond bazarında illərlə kriptovalyuta saxlayan şirkətlərin istifadə etdiyi “sonsuz pul xətası”nı (“infinite money glitch”) sıradan çıxarır. Bloomberg yazır ki, indi bu şirkətlərdən bəziləri investorları geri qaytarmaq ümidi ilə təcili şəkildə daha populyar mövzuya — süni intellektə yönəlməyə çalışırlar. Amma nəticə zəifdir. Üstəlik, kriptobazarda son günlər müəyyən canlanma müşahidə olunsa da, əvvəlki modelə qayıtmaq da mümkün görünmür.
Bunu necə edirdilər
Sxem 2020-ci ildən sonra yaranıb. Onun əsas təşəbbüskarlarından və ən böyük benefisiarlarından biri MicroStrategy (MSTR) olub. Şirkət balansına bitkoin almağa başlayaraq təsadüfən özünü dəstəkləyən bir dövr qurdu və bu mexanizm təxminən beş il işləyib:
▪️ şirkət səhmlərini satır və ya konvertasiya olunan istiqrazlar buraxaraq bazardan pul cəlb edir, sonra bu vəsaitlə kriptovalyuta alır;
▪️ şirkətin balansındakı kriptovalyutalar, qismən elə bu alışların öz təsiri ilə bahalaşır. Bu, spekulyantların marağını artırır, şirkətin bazar kapitallaşması şişir və mNAV — yəni şirkətin bazar dəyərinin onun aktivlərinin dəyərinə nisbəti — yüksəlir;
▪️ mNAV 1-dən yuxarı olduqda, yəni şirkət balansında saxladığı kriptovalyutadan daha baha qiymətləndirildikdə əlavə effekt yaranır: yeni səhmlər buraxılıb həmin pulla daha çox aktiv alınarsa, şirkətin ehtiyatları dövriyyədəki səhmlərin sayından daha sürətli böyüməyə başlayır. Bu halda hər bir səhmə əvvəlkindən daha çox aktiv düşür, bu da bazar kapitallaşmasını əlavə olaraq artırır və dövr yenidən başlayır.
Nəticədə sonradan adını Strategy olaraq dəyişən MicroStrategy-nin səhmləri 2024-cü ilin pikində 2019-cu ilin sonu ilə müqayisədə 3000% artmışdı. Bazarda isə təxminən 150 DAT — “digital asset treasury companies”, yəni balansında aqressiv şəkildə kriptovalyuta toplayan şirkət yaranmışdı. Halların təxminən 80%-də bu aktiv bitkoin idi.
Hype-ın sonu
Bir neçə il davam edən sürətli artımdan sonra əsas risk reallaşdı: kriptovalyutaların qiyməti 2025-ci ilin payızında pikə çatdı və bundan sonra əsasən enməyə başladı. Bitkoin həmin dövrdən bəri üçdə birdən çox, ether isə təxminən iki dəfə ucuzlaşıb.
Sxem bu dəfə əks istiqamətdə işləməyə başladı. Kriptovalyuta qiymətlərinin düşməsi kreditlər üzrə girovun dəyərini azaldır və şirkəti borcun bir hissəsini qaytarmağa məcbur edir. Bunun üçün şirkət yenə həmin kriptovalyutanı satmalı olur. Bu isə qiymət enişini daha da dərinləşdirir və mənfi dövr yaranır.
Kriptovalyutaların qiyməti düşdükcə DAT termini investorlar üçün demək olar ki, mənfi məna almağa başladı. Bloomberg-in hesablamasına görə, ABŞ və Kanadadakı belə şirkətlər 2026-cı ilin əvvəlindən bəri orta hesabla bazar kapitallaşmasının 43%-ni itiriblər. Strategy eyni dövrdə 20%-dən çox ucuzlaşıb, 2025-ci ilin yayındakı maksimumlardan isə 70%-dən çox geriləyib.
Biznesi xilas etmək üçün ən azı onlarla DAT şirkəti süni intellekt sahəsinə keçməyə çalışıb və yeni sektor ətrafındakı maraq dalğasından faydalanmağa ümid edib. Amma bazar buna inanmayıb.
Məsələn, K Wave Media bitkoin toplamaqdan data mərkəzləri yaratmağa keçib, amma bundan sonra səhmləri təxminən 87% ucuzlaşıb. Kriptovalyutaya da yatırım edən Lixte Biotechnology batareya istehsalçısı ilə birləşdikdən sonra dəyərinin 40%-ni itirib. Altcoin toplayan AlphaTON Capital isə bulud hesablamaları bazarına keçdikdən sonra iki dəfə ucuzlaşıb.
Kimdə alındı?
Strateji dönüşü uğurla həyata keçirə bilən yeganə qrup kriptomaynerlər oldu. Burada əsas üstünlük onların artıq mövcud olan hesablama güclərinə sahib olması idi.
Ən tez istiqamət dəyişən CoreWeave 2025-ci ildə IPO-dan bəri dəyərini iki dəfədən çox artırıb. Hut 8, Iren və TeraWulf kimi digər şirkətlər də investorların diqqətini cəlb edə biliblər.
Bazarın kriptovalyutalara marağı tam itməyib. Bunu bitkoindəki short squeeze də göstərir: avqustun 19-dan etibarən kriptovalyuta təxminən 20% bərpa olunub.
Amma bu artım DAT biznes modelini canlandırmaq üçün kifayət etməyib. Buna görə də bazar bundan sonra “sonsuz pul xətası” olmadan yaşayacaq. Kriptobazarda nüfuzlu hüquq firmalarından biri sayılan Lowenstein Sandler-in tərəfdaşı Daniel Formanın sözlərinə görə, bu sxem artıq özünü tükədib.







