18 C
Baku
Wednesday, November 19, 2025

Kriptonun başı üzərində qara buludlar: Bu dəfə onu nə xilas edəcək?

BANKER.AZ

NÖVBƏTİ İLİN 3 yanvar tarixində Bitkoinin gizli müəllifi Satoşi Nakamotonun kriptovalyutanı ilk dəfə təqdim etməsindən 17 il keçmiş olacaq. Dünyanın əksər ölkələrində barlarda içki sifariş etməyə yaşı çatmasa da, ən məşhur kriptovalyuta qlobal maliyyə nizamında digər aktivlərdən daha sürətlə özünə möhkəm yer edib. Son illərdə kripto sənayesi əsas maliyyə dairələrinin istehzasından və tənzimləyicilərin açıq düşmənçiliyindən çıxaraq geniş şəkildə qəbul olunan, hətta təşviq olunan bir sahəyə çevrilib. Banklar və aktiv idarəediciləri öz məhsullarını istifadəyə verirlər, stabilkoinlər ABŞ qanunvericiləri tərəfindən daha dəqiq hüquqi status qazanıb və hazırkı amerikalı tənzimləyicilər arasında kriptosevərlər üstünlük təşkil edir. Oktyabr ayında bitkoinin bazar dəyəri 2,5 trilyon dollara qədər yüksəlib.

Göründüyü qədər qəribə olsa da, bu nailiyyətlər indi kripto üçün problem yaradıb. Qiymətlər enməyə başlayıb; bitkoin oktyabrın əvvəlindəki təxminən 126 min dollarlıq maksimum səviyyədən bu gün 91 min dollara doğru düşüb. Gəlir gətirməyən və dəyərini yalnız gələcəkdə kapital artımı gözləntisinə bağlayan spekulyativ aktiv üçün yeni yüksəlişi əsaslandıracaq “buğa” (yəni artım) hekayəsinin olmaması çətinlik yaradır. Üstəlik, geniş qəbul olunması kriptonun digər bazarlarla əlaqələrini dərinləşdirdiyindən, qiymət azalmasının dalğavari təsirləri sənayeni aşaraq daha geniş yayılacaq.

Birjadakı bitkoinin gələcək istiqaməti barədə əminliklə nəsə demək çətindir. Bir çox investorlar (və maliyyə jurnalistləri) buna cəhd edib və uğursuz olublar. Lakin son illərdə bitkoin rallilərində aydın bir nümunə müşahidə olunur: hər həyəcanverici yüksəliş geniş qəbul olunma ilə bağlı nikbin hekayələrlə müşayiət olunub.

2020–2021-ci illərdə lokdaun siyasəti və hökumətlərin geniş maliyyə dəstəyi, əsas brokerlər tərəfindən kripto ticarətinin daha çox əlçatan olması ilə birlikdə baş verirdi. 2023-cü ilin sonlarından etibarən kripto birja fondlarının (ETF) tezliklə işə düşəcəyi ilə bağlı gözləntilər artmağa başladı. Belə də oldu: ilk ETF müraciətləri ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən 2024-cü ilin yanvarında təsdiqləndi. Həmin ilin noyabrında Donald Trampın seçkidə qələbəsi bitkoinə əlavə təkan verdi.

Bu gün investorların bitkoin əldə etməkdə heç bir çətinliyi yoxdur. Dünyanın çox yerində brokerlər yalnız telefonu olan istənilən şəxsə müxtəlif kripto aktivlərə çıxış imkanı verir. Əlbəttə, bəzi iri investorlar hələ də kənarda dayanır. Bu ay kriptosevərlər Çexiya Mərkəzi Bankının 1 milyon dollarlıq bitkoin və digər kriptovalyuta almasını alqışladılar. Lakin bu alış bankın 171 milyard dollarlıq ehtiyatları ilə müqayisədə dənizdə damla kimidir. Ən çox mərkəzi banklar isə rəqəmsal aktivləri ehtiyatlarına əlavə etməyi hələ də qətiyyətlə istisna edirlər. Onların mövqeyini dəyişəcəkləri də inandırıcı görünmür. Bu şəraitdə ticarət həcmlərinin artım potensialı məhdud görünür.

Qələbənin başqa bir “qiyməti” də ondan ibarətdir ki, kripto bazarında baş verəcək mümkün bir çöküşün ağrısını əvvəlkindən daha geniş kütlə hiss edəcək. Son geriləmədən ən çox zərər görən investorlar isə yüksəlişin heç vaxt bitməyəcəyinə inanmış olanlardır. Buna Maykl Saylorun “Strategy” şirkəti də daxildir: artıq əsasən bitkoinə yönəlmiş qəribə bir levereced-bet formasına düşən proqram təminatı şirkəti borc götürərək təxminən 60 milyard dollar dəyərində bitkoin toplayıb. İki ildən sonra ilk dəfə şirkətin bazar kapitallaşması portfelində olan bitkoinlərin dəyərindən aşağı düşüb və bu, kripto aktivlərinin kütləvi satışları ehtimalını artırır.

56756767

Daha böyük risk isə kriptovalyutadakı mənfi əhval-ruhiyyənin digər bazarlara yayılmasıdır. 2020-ci ildən sonra bitkoin əvvəlki qədər dəyişkən olmasa da, texnologiya səhmləri ilə əlaqəsi (korrelyasiya deyək) xeyli güclənib. Bitkoinin sahibkarlıq bazası təkcə fanatlardan ibarət olmadığına görə, aktiv sinifləri arasında yoluxma effekti (contagion) daha tez baş verir. Bu zəncirvari təsir hər iki istiqamətdə ola bilər: bahalı texnoloji səhm­lərlə bağlı bədbinlik bitkoini zəiflədə bilər və ya əsəbi kripto investorları səhm bazarından da qaça bilər. Texnoloji şirkətlərin üstünlük təşkil etdiyi NASDAQ-100 indeksi son günlərdə təxminən 6% geriləyib — satış üçün hələ də yumşaq səviyyə sayılsa da, diqqətlə izlənməlidir.

Bitkoin artıq çoxsaylı mümkün katalizatorları tükənmiş görünür — investisiyanın asanlaşması və tənzimləmə dəqiqliyi kimi amillər artıq qiymətə daxil olub. Lakin bir xəbər onun yenidən yüksəlişini təmin edə bilər. Bu ilin martında Tramp tərəfindən qurulan Strateji Bitkoin Ehtiyatı kriptosevərlərin gözlədiyi kimi böyük miqyaslı satınalmalar həyata keçirməyib; o, hələlik əsasən hüquq-mühafizə orqanlarının müsadirə etdiyi bitkoinlərin saxlandığı bir qurum olaraq qalıb.

Bəzi qanunvericilər, o cümlədən təsirli kriptosevər senator Sindsiya Lummis açıq bazardan daha çox bitkoin alınmasını dəstəkləyir. Əgər qiymət azalmağa davam etsə, tərəfdarlar bunu “alım imkanı” adlandıraraq hökumətə təzyiq göstərə bilərlər. Administrasiyaya yaxın kripto tərəfdarları – hansılar ki, indi zərər yaşayırlar – belə bir addımı dəstəkləyə bilərlər. Hökumətin bu istiqamətdə addım atması hələ də uzaq ehtimal kimi görünür. Amma kripto da, siyasət də bəzən sürprizlərdən ibarət olur.

Qeyd edək ki, Banker.az bunu “The Economist“ə istinadən yazır.

Son xəbərlər
Digər xəbərlər