Kriptotreyderlər Çinin ən böyük yaddaş çipi istehsalçısı ChangXin Memory Technologies (CXMT) şirkətini 425 milyard dollar dəyərində qiymətləndiriblər ki, bu da Çin şirkətləri arasında rekord bazar kapitallaşması hesab olunur. Bu barədə CNBC telekanalı məlumat yayıb.
İyulun 27-də ChangXin səhmlərinin Şanxay Fond Birjasında ilkin kütləvi təklifi (IPO) keçiriləcək. Proqnozlara görə, bu IPO cari ildə Asiyada ən böyük yerləşdirmə ola bilər.
İlkin sifarişlərə əsasən, şirkət IPO vasitəsilə 9,8 milyard dollar cəlb etməyi və ümumi dəyərini 85 milyard dollar səviyyəsində qiymətləndirməyi planlaşdırır. Bununla belə, CXMT-nin səhmlərinə tələbat təklifdən 200 dəfədən çox olub.
Yaranmış yüksək maraq bəzi kriptotreyderlərin IPO-dan sonra şirkətin səhmlərinin qiymətinə mərc etmək üçün xüsusi platformalar yaratmasına səbəb olub. Rəsmi yerləşdirmə qiyməti bir səhm üçün 1,28 dollar olsa da, bəzi onlayn platformalarda bu qiymət artıq 6,35 dollara yüksəlib.
Bu qiymətləndirməyə əsasən, ChangXin-in bazar kapitallaşması 400 milyard dolları ötür və şirkət Çinin ən dəyərli şirkətinə çevrilə bilər. Hazırda Çinin ən bahalı açıq səhmdar cəmiyyəti 380 milyard dollarlıq bazar dəyəri ilə Industrial and Commercial Bank of China (ICBC) bankıdır.
ChangXin Memory Technologies isə IPO ərəfəsində səhmlərinin bu cür yüksək qiymətləndirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.







