17 C
Baku
Cümə, May 20, 2022

Kriptovalyuta əməliyyatlarından vergi necə tutulur?

Kriptovalyuta əməliyyatlarının aparılmasından gəlir əldə edən fiziki şəxslər belə əməliyyatlar üzrə vergi öhdəliklərini necə yerinə yetirməlidir? Dünya ölkələrində kriptovalyuta ilə bağlı vergi tənzimləmələri necədir?

Azərbaycanda Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli, əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisini hesablamalı və növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Dünya təcrübəsi ilə bağlı isə bank mütəxəssisi Bəxtiyar Məmmədov belə bildirib:

“Kriptovalyutalar son dövrlərdə yarandığından bir çox ölkələrdə kriptovalyuta əməliyyatları vergidən yayınır. Lakin inkişaf etmiş ölkələrdə müəyyən tənzimləmələr həyata keçirilməkdədir. Misal üçün, ABŞ qanunvericiliyinə əsasən, kriptovalyuta əməliyyatları vergi məqsədlərinə daxil edilmişdir. Virtual pul əmlak (aktiv) hesab edilir və onun vergiyə cəlb edilməsi qanunvericilikdə öz əksini tapır. Məsələn, əgər biz 20 dollar xərcləyərək kriptovalyuta alsaq, daha sonra həmin kriptovalyutanın dəyəri 150 dollara qədər artsa və biz bu kriptovalyuta ilə hər hansı alış həyat keçirsək, yaxud həmin kriptovalyutanı satsaq, qanunvericilik bizim 130 dollar qazandığımızı müəyyənləşdirir və bizdən bunun vergisini ödəməyi tələb edir.

Kanadada da kriptovalyuta ilə əməliyyatlar vergiyə cəlb olunur. Kanada qanunvericiliyinə əsasən, hər hansı əmtəənin alışı kriptovalyuta ilə həyata keçirilirsə, bu barter əməliyyatı hesab edilir. Barter əməliyyatlarından isə vergi tutma ilə bağlı xüsusi müddəalar mövcuddur və kriptovalyuta ilə aparılan əməliyyatlarda bu müddəalar tətbiq edilir.

Avropa Birliyi ölkələrində də dövri olaraq vergi qanunvericiliyinə kriptovalyutalarla əməliyyatlara dair dəyişikliklər edilir. Avropada kriptovalyutalarla əməliyyatlardan əsasən 3 növ vergi tutulur:

– kapital əldə etməyə görə vergi;

– gəlir əldə etməyə görə vergi;

– valyutadəyişmə üçün əlavə dəyər vergisi.

Lakin bu, bütün Avropa ölkələrinə aid deyil, hər bir Avropa ölkəsi üçün qanunlar fərqlidir”.

Son xəbərlər
Oxşar xəbərlər