Son altı həftə ərzində texnoloji sektorun yüksək qiymətləndirilməsi və ABŞ Federal Rezerv Sisteminin faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik səbəbindən kriptovalyuta bazarından bir trilyon dollardan çox vəsait çıxarılıb, bu isə spekulyativ aktivlərin genişmiqyaslı satışına gətirib çıxarıb.
“CoinGecko” tərəfindən izlənilən 18 mindən çox kriptovalyutanın bazar dəyəri 6 oktyabr zirvəsindən sonra 25 % azalaraq təxminən 1,2 trilyon dollar itirib. Bu dövrdə bitkoin 28 %-dən çox ucuzlaşaraq 89 500 dollara düşüb — bu, apreldən bəri ən aşağı göstəricidir.
Satış dalğası fond bazarına da təsir edib: çərşənbə axşamı Asiya indeksləri ABŞ-də baş verən enişi izləyib. Yaponiyanın “Nikkei 225” indeksi 3 %, Honq-Konqun “Hang Seng” indeksi 2 %, Cənubi Koreyanın “Kospi” indeksi isə gün ərzində 3,3 % aşağı düşüb.
Kriptovalyuta bazarındakı eniş, sektorun prezident Donald Trampın ABŞ-ni “bitkoin supergücü”nə çevirmə vədindən və kriptovalyuta tərəfdarının Qiymətli Kağızlar və Birja Komissiyasına rəhbər təyin edilməsindən sonra gördüyü rekord yüksəlişdən kəskin dönüşü göstərir.
Dekabr iclasında FED-in faiz dərəcələrini endirməyəcəyi ilə bağlı şübhələr Silikon Vadisində yüksək qiymətləndirilmiş texnoloji şirkətlərin səhm dəyərləri ilə bağlı narahatlığı artırıb. Faiz dərəcələrinin aşağı düşməsi adətən kriptovalyutaları və digər riskli aktivləri daha cəlbedici edir, çünki ABŞ qısamüddətli istiqrazlarının gəlirliliyi azalır.
Bitkoinlə yanaşı, bazar dəyərinə görə ən böyük 20 kriptovalyutadan altısı bu il 40 %-dan çox ucuzlaşıb, “Shiba Inu”, “Sui” və “Avalanche” isə təxminən 60 % dəyər itirib.
Bəzi analitiklərin fikrincə, 10 oktyabr kripto çöküşü son həftələrdə ABŞ fond bazarının bəzi seqmentlərindəki enişə də təsir edib.
Pərakəndə treyderlər arasında populyar olan, mənfəət gətirməyən texnoloji şirkətləri izləyən “Goldman Sachs” indeksi 15 oktyabr zirvəsindən bəri 19 % dəyər itirib.
Vanda şirkətindən Virac Patel qeyd edir ki, oktyabrın ortalarından bəri ABŞ fond bazarında pərakəndə investor aktivliyi kəskin azalıb. Eyni zamanda, ümumi bazar göstəricilərini izləyən “müdafiəvi” fondlara kapital axını artıb.






