Kriptovalyutalardan istifadənin qlobal iqtisadiyyata təsiri

0

Artıq neçə müddətdir ki, hər gün iqtisadi xəbərlər arasında kriptovalyutalar haqqında məlumatlara rast gəlirik. Xüsusilə son aylarda kriptovalyutaların qiymətlərində olan volatillik, investorların məruz qaldığı itkilər, bu valyutanın arxasında heç bir əmtəənin olmadığı və bu bazarın sabun köpüyü olduğu fikrini gücləndirir. Bəzi ekspertlər bu valyuta növünün dünyanın dollardan asılılığını azaltdığı üçün yararlı ixtira kimi qiymətləndirirlər. Digər qütbdə olan ekspertlər isə bu valyutanın dünya iqtisadiyyatını alt-üst edəcəyini və iqtisadiyyat üzərində olan nəzarətin tamamilə itiriləcəyi fikrindədirlər. Belə ki, blockchain texnologiyaları dünyada biznes prossesləri tamamilə dəyişə biləcək gücə sahibdir və kriptovalyuta bu sistemin maliyyə məhsuludur. Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru xanım Kristin.Laqard blockchain texnologiyalarının dünyanın mərkəzləşdirilmiş ticarətini məhv edəcəyini bəyan etmişdi. Əslində dünyanın ən mötəbər instansiyalarından birindən gələn bu mesaj dünya maliyyə sisteminin hansı təhlükələrlə üzləşdiyini göstərir. Bu məqalədə blockchain texnologiyalarının dünya iqtisadiyyatına mümkün təsirləri müzakirə ediləcəkdir.

Ölkələr xarici valyuta ehtiyatlarını ABŞ dollarında saxlayırlar və qlobal iqtisadiyyatda baş verən bütün maliyyə əməliyyatlarının böyük hissəsi məhz dollarla həyata keçirilir. ABŞ məhz dollar vasitəsilə dünyaya hökm edir və bu ölkənin iqtisadiyyatında baş verən hadisələr bütün dünyada dalğalanmalarla nəticələnir. Hal-hazırda ABŞ dolları Federal Ehtiyat Bankının (FED) nəzarətindədir və bu bank bir növ bütün dünyanın qlobal ehtiyatlarını idarə edir. Bu da ticarətin və qlobal iqtisadiyyatın əslində mərkəzləşdirilməsi deməkdir. Bitcoin və digər kripto-valyutaların tətbiqi və blockchain texnologiyaların ticarət platformasına çevrilməsi isə FED-in rəhbərliy altında illərdir yaranmış mərkəzləşməni təhlükə altına alır. Belə ki, hal-hazırda FED monetar siyasəti həyata keçirir və dollar hamı tərəfindən ticari və iqtisadi qanunlara əsaslanaraq idarə edilir. Blockchain texnologiyaları vasitəsilə alınıb-satılan dijital valyutaları isə iqtisadi cəhətdən idarə edən heç bir siyasət yoxdur. Yəni bu valyutalarda olan dalğalanma izah edilə bilinmədiyi kimi, bunun qarşısını almağa monetar siyasətin də tətbiqi mümkünsüzdür. Daha çox şirkət və ölkənin bu platformalara keçməsi, ticarətin və maliyyə sisteminin heç bir iqtisadi qanunlara tabe olmayan bir sferaya çevirir ki, bu da iqtisadi fəlakətlə nəticələnə bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Blockchain texnologiyalarının ticarət platforması kimi istifadəsi xarici əlaqələr, diplomatiya və iqtisadi sanksiyalara da təsir göstərir. Belə ki, bu texnologiyalardan istifadə edən ölkələr öz platformalarını yaradaraq, ABŞ-ın sanksiyalarından yan keçə bilərlər. Hal-hazırda dünyada bütün köçürmələr SWIFT sistemi üzərindən həyata keçirilir və bu sistemlə əlaqəsi kəsilən ölkə və banklar digər banklara köçürmələr edə bilmir. Blockchain texnologiyalarının tətbiqi ilə banklar öz aralarında ticarət əlaqələri saxlaya və internet vasitəsilə ödənişləri həyata keçirə bilərlər. Əlbəttə ki, internet vasitəsilə həyata keçirilən ödənişlər daha ucuz, tez və sərfəli olur. Məsələn, iqtisadi fəlakət yaşayan Venesuela artıq öz dövlət kriptovalyutası olan “petro”-nu tədavülə buraxıb və ABŞ sanksiyalarını bu valyutanın köməyi ilə təsirsiz hala gətirmək istəyir.

Belə texnologiyaların tətbiqi anonimliyi ən yuxarı səviyyədə qoruyur ki, bu da nəzarət orqanlarının işini çətinləşdirir. Nəzarət olmadıqda isə terrorizmin maliyyələşməsi, çirkli pulların yuyulması, silah alveri kimi mənfi halların qarşısını almaq mümkünsüz olur. Hal-hazırda dünya maliyyə sistemində pul köçürmələrinə nəzarət edən orqanlar var və bütün ödənişlər vahid sistem əsasında keçdiyi üçün təyinat, müqavilə və digər məlumatlar əsasında benefisiarı müəyyən etmək mümkündür. Vahid köçürmə sistemi olduğundan, standartlar da vahiddir və qayda və qanunların tətbiqi nisbətən asandır. Blockchain texnologiyalarının tətbiqi ilə aparılan köçürmələrin isə göndərən və benefisiarı məlum olmur və pul hərəkətinə nəzarət etmək mümkün deyildir. Məsələn, “Forbes”in məlumatına görə məşhur terror qruplaşmalarından biri sosial şəbəkədə elan verərək, bitkoin valyutasında əməliyyatlar apararaq, bir gündə 10,000 dollardan çox vəsait cəlb edə bilib. Hamını narahat edən budur ki, benefisiarı müəyyən etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olmur. Məlumat üçün bildirək ki, Avropa Birliyi daxilində qeyri-qanunu köçürmələrin 40%-ə qədər hissəsi kriptovalyutalarla həyata keçirilir.

Kriptovalyutalar, həmçinin dünyada investor əlaqələrinə də təsir edir. Normal vəziyyətdə şirkətlər investoru cəlb etmək üçün gələcək planlar, maliyyə hesabatları, strategiyalar ilə özünü sübut etsə də, kriptovalyuta axtarışı ilə məşğul olan şirkətlər sadəcə nə etmək istədiklərini elan edir. Məntiqlə, investorlar gələcəyə yönəlik heç bir məlumat əldə etmədən, şirkətlərin səhmlərini alırlar. İqtisadi qanunlara əsaslanan və illərin təcrübəsi ilə formalaşan biznes tsikllərın heç bir mərhələsini keçməyən şirkətlər bir başa illər ərzində formalaşan şirkətlər kimi tsiklin inkişaf mərhələsindən həyatına başlayır və təbii ki, qısa müddət ərzində biznes tsiklın bütün mərhələlərini keçərək iş həyatını tamamlayır. Bir sözlə, normal bizneslərdə yetişkin şirkətlər səhmlərini investorlara təklif edir, ancaq bitkoin bazarında start-up şirkətlər bir neçə səhifəlik məlumatla səhm sataraq vəsait cəlb edə bilirlər. Çİndə artıq belə sabun köpüklərinin formalaşmaması üçün kriptovalyuta axtarmaqla məşğul olan şirkətlərin açıq səhmdar cəmiyyəti kimi investor cəlb etməsini qadağan edən qanun qəbul edilib.

Sonda onu qeyd etmək olar ki, blockchain texnologiyaları maliyyə üçün yeni bir dünya yaradıb ki, burada da hələ ki, heç bir beynəlmiləl qayda-qanun yoxdur. Bu ticarət platforması qlobal dünyada iqtisadi qanunlara yenidən baxmağın, qaydaları yenidən yazmağın vaxtının gəldiyini bildirən bir mesajdır. Kriptovalyutalar cəlbedici görünür və əslində heç kimin nəyi alıb-satdığı bilinmədiyi üçün sabun köpüyünə çevrilmə ehtimalını gücləndirir. Özünü tam sübut edə bilsə, suveren kriptovalyutaların tətbiqi ilə bazarın ümumi həcmi və qiymətli arta bilər. İndiki şəraitdə, ölkələr kriptovalyuta ticarətini tənzimləyən qanunlar hazırlamalı və mümkün qədər tez zamanda bu bazarı qanunlarla nəzarət ediləbilən platformaya çevirməlidirlər.

  — Müəllif —
Ali Dadashzade, ACCA