“Binance” kriptoplatforması “Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo ilə çoxillik müqavilə imzalayıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Beşqat “Qızıl top” qalibi bir neçə eksklüziv NFT kolleksiyası buraxacaq.
2022-ci ilin sonunda buraxılacaq ilk kolleksiyanın hazırlanmasında idmançı özü iştirak edib. O, tokenlərin dizaynı üzərində şəxsən özü işləyib.
“Mənim üçün pərəstişkarlarından daha vacib heç nə yoxdur, ona görə də onlara bu NFT platformasında unikal əşyalar əldə etmək imkanı vermək istəyirəm. Əminəm ki, pərəstişkarlar kolleksiyadan mənim kimi zövq alacaqlar”, – deyə Ronaldu söyləyib.
Portuqaliyalı idmançıdan əvvəl “Binance” Argentina və Braziliya futbol assosiasiyaları, həmçinin “Lazio” (İtaliya) və “Porto” (Portuqaliya) ilə əməkdaşlıq edib.