Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubunun hücumçusu Kriştianu Ronaldu Ağ Evi ziyarət edib və ABŞ prezidenti Donald Tramp ilə rezidensiya ərazisində gəzintiyə çıxıb. Görüşdən olan videoçarxı Ağ Evin mətbuat xidməti “X” sosial şəbəkəsində yayıb.
“Tarixin iki ən böyüyü. CR7 x 45/47”, — paylaşımda deyilir. Videoda cənab Tramp və Ronaldonun Ağ Evdəki rəsm qalereyasında gəzdiyi göstərilir.
Kriştianu Ronaldu nişanlısı Corcina Rodrigezlə birlikdə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salmanın 18 noyabr tarixli səfəri şərəfinə Ağ Evdə təşkil olunan xüsusi şam yeməyində iştirak edib. Görüş zamanı cənab Tramp bildirib ki, onun oğlu Berron futbolçunun böyük pərəstişkarıdır.
Futbolçu 2017-ci ildən bəri ölkəni ziyarət etmirdi. Buna səbəb ABŞ vətəndaşı Ketrin Mayorqanın onu 2009-cu ildə Las-Veqasda baş verdiyi iddia olunan təcavüzdə ittiham etməsi olmuşdu. 2019-cu ildə ABŞ prokurorluğu ittihamları əsassız saydı. 2023-cü ilin noyabrında isə məhkəmə xanım Mayorqanın təkrar iddiasından sonra Ronaldonu bir daha bəraətə layiq görüb.








