13 C
Baku
Sunday, November 24, 2024

Kritik informasiya və kibertəhdid anlayışları qanunvericiliyə daxil edilir

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna kritik informasiya və kibertəhdidə dair anlayışlar daxil edilir.

Bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, kritik informasiya ilə bağlı əlavə edilən anlayışlar aşağıdakılardır:

kritik informasiya infrastrukturu – dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ya ekologiya sahəsində fəaliyyəti təmin edən və funksionallığının pozulması dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına mühüm zərər vura bilən informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin məcmusu;

kritik informasiya infrastrukturu obyekti – kritik informasiya infrastrukturunun tərkib hissəsi olan informasiya sistemi, avtomatlaşdırılmış idarəetmə sistemi və ya informasiya-kommunikasiya şəbəkəsi;

kritik informasiya infrastrukturu subyekti – kritik informasiya infrastrukturu obyektinin sahibi (istifadəçisi) olan dövlət orqanları (qurumları), o cümlədən dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılmış publik hüquqi şəxslər, habelə digər hüquqi şəxslər və ya fərdi sahibkarlar (mikro, kiçik və orta sahibkarlıq subyektləri istisna olmaqla);

kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan (bundan sonra – səlahiyyətli orqan) – kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu Qanunla və bu Qanundan irəli gələn digər normativ hüquqi aktlarla müəyyən edilmiş funksiyaları yerinə yetirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

kibertəhlükəsizlik xidməti provayderi – kibertəhlükəsizlik xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət göstərən, işçi heyəti, texnoloji resursları və proseslərinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən və kritik informasiya infrastrukturu subyekti ilə bağlanılmış müqavilə əsasında onlara kibertəhlükəsizlik xidməti göstərən hüquqi şəxslər;

informasiya təhlükəsizliyi – informasiyanın tamlığının (dəqiq, səlist, aktual və bütöv olması), əlçatanlığının (müraciət və əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması), konfidensiallığının (yalnız səlahiyyəti olan istifadəçilər və proseslər üçün məlum ola bilməsi) və mötəbərliliyinin (adekvat, obyektiv, faydalı olması) mühafizə edilməsi;

kibertəhdid – informasiya sistemlərinə və ya ehtiyatlarına qanunsuz daxilolma, müdaxilə, habelə digər formalarda informasiya təhlükəsizliyinin pozulmasına səbəb ola bilən amil və ya vəziyyət;

kiberhücum – informasiya sistemlərinin və ya ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdid yaradan, yaxud onların fəaliyyətinin pozulmasına və ya dayanmasına səbəb olan kiberməkan vasitəsilə qəsdən törədilən əməl;

kiberinsident – informasiya sistemlərinin, avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya-kommunikasiya şəbəkələrinin fəaliyyətin dayanması və ya pozulması, yaxud həmin obyektlərin informasiyanın təhlükəsizliyinin pozulmasına səbəb olan hadisə.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər