Qırğızıstanda keçirilməsi planlaşdırılan təlimlərin vaxtının dəyişdirilməsi heç də onu deməyə əsas vermir ki, Qırğızıstan KTMT-dən uzaqlaşır.
Bunu Qırğızıstan Təhlükəsizlik Şurasının sədri Marat İmankulov deyib.
“Təlimlərə hazırlıq 99.9 faiz yekunlaşmış olsa da, biz təlimin vaxtını dəyişdik. Bu qərardan sonra bizim KTMT-dən imtina etməyimiz barədə xəbərlər yayıldı. Belə bir məsələ yoxdur və bu qurum bizə çox lazımdır. KTMT bizi terror təhlükəsindən qoruyur və milli təhlükəsizlik maraqlarımıza cavab verir”.
O həmçinin qeyd edib ki, KTMT tərəfindən də təlimlərin ləğvi ilə bağlı qərar anlayışla qarşılanıb.
Xatırladaq ki, Qırğızıstanın İssık-Kul vilayətindəki “Edelveys“ poliqonunda “Sarsılmaz Qardaşlıq-2022” adı altında, 10-14 oktyabr tarixlərində hərbi təlimlərin keçirilməsi planlaşdırılırdı.