25 C
Baku
Saturday, July 27, 2024

Kubada ikili valyuta sistemi ləğv edildi

Kubada ikili valyuta sistemini ləğv etmək və Kuba pesosunu vahid məzənnəyə bağlamaq məqsədini daşıyan pul islahatı ilə bağlı fərman 1 yanvar tarixində qüvvəyə minib.

Ölkə iqtisadiyyatındakı dəyişikliklər barədə dekabr ayında Kubaya 2019-cu ilin oktyabrından bəri rəhbərlik edən prezident Miqel Dias-Kanel məlumat verib.

Qeyd edək ki, 1994-cü ildən başlayaraq Kubada eyni vaxtda iki rəsmi valyuta dövriyyədə olub: ada sakinləri tərəfindən daxili ödəmələr üçün istifadə olunan Kuba pesosu (CUP) və konvertasiya olunan peso (CUC). Onlardan əsasən ölkəyə gələn turistlər istifadə edirdilər.

Yeni pul islahatına əsasən, konvertasiya olunan peso dövriyyədən çıxarılır. Ekspertlərin fikrincə, ikili valyuta sistemi dövlət subsidiyaları ilə əməliyyatların qeyri-şəffaflığına və qara bazarın çiçəklənməsinə səbəb olub.

Konvertasiya olunan pesonun məzənnəsi 1950-ci illərdə Kuba inqilabının qələbəsindən bəri dəyişməyib və dollara qarşı 1:1 nisbətində olub. Adi pesonun məzənnəsi isə həmişə “üzüb” və 1990-cı illərdin əvvəllərində hətta 100 CUP:1 CUC nisbətinə çatıb. Beləliklə, 1 dollara 24 peso olan vahid məzənnənin tətbiqi Kuba valyutasının son 60 ildə ilk devalvasiyasını göstərir.

İslahatla əlaqədar olaraq, Kuba sakinləri nəqliyyatdan elektrik enerjisinə qədər müxtəlif sahələrdə mal və xidmətlərin qiymətlərində kəskin sıçrayış gözləyirlər. İqtisadi islahat illərdir hazırlansa da, nəzarətsiz hiperinflyasiya qorxusu səbəbindən dəfələrlə təxirə salınıb.

Bildirilir ki, CUC dövriyyədən tədricən çıxarılacaq: bu prosesi 2021-ci ilin ortalarına qədər tamamlamaq planlaşdırılır. Onlarla dövlət müəssisəsi bir müddət ərzində əhalidən əvvəlki qaydada ödəniş qəbul etməyə davam edəcək. Ümumilikdə isə ölkə vətəndaşlarına banklardakı əmanətlərini 1:24 məzənnəsi ilə Kuba pesosuna dəyişdirmək üçün altı ay vaxt verilib.

Yerli hakimiyyət orqanları kubalılara sərbəst əmanət mübadiləsini təmin etməyi  və devalvasiyanın genişmiqyaslı böhrana səbəb olmayacağını vəd ediblər.

Son xəbərlər
Digər xəbərlər