Kubanın Ali Xalq Tribunası keçmiş iqtisadiyyat naziri Aleхandro Xili casusluqda ittiham edərək ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda o, rüşvətxorluq, nüfuz alveri və vergi ödəməkdən yayınma da daxil olmaqla korrupsiya cinayətlərinə görə əlavə 20 il həbs cəzası alıb.
“Reuters”in məlumatına görə, əvvəllər prezidentin etibar etdiyi şəxs kimi tanınan Xil 2021-ci ilin pul islahatına rəhbərlik edib və bu islahat adada iqtisadi böhranı daha da dərinləşdirib. 2024-cü ilin fevralında o, vəzifəsindən azad edilib və 2025-ci ilin noyabrında məhkəmə başlayana qədər ictimaiyyətdən tamamilə yoxa çıxıb.
Məhkəmə müəyyən edib ki, Xil xarici şirkətlərdən pul alıb, aktivlərin leqallaşdırılması üçün məmurları rüşvətlə ələ alıb və “rəqib tərəfə” məxfi məlumat ötürüb. Hökmə 10 gün ərzində etiraz edilə bilər.







