9 C
Baku
Thursday, December 12, 2024

Küləyə sovrulan pullar: ABŞ tarixinin ən bahalı qasırğaları

Texas ştatının qubernatoru bəyan edib ki, Harvey qasırğasının vurduğu zərərin aradan qaldırılması üçün 150 milyard dollardan 180 milyard dollara qədər vəsait tələb olunacaq. Bununla da, bu qasırğa ABŞ tarixinin ən çox xərc tələb edən qasırğası olacaq.

Amerikaya külli miqdarda zərər vurmuş qasırğalar Banker.az toplusunda:

«Katrina» qasırğası. Avqust, 2005-ci il. İqtisadi zərər  — $81,2 milyard

2005-ci ilin 23 avqustunda Bahama adalarının yaxınlığında formalaşan qasırğa ilk öncə Florida, daha sonra Meksika körfəzi, Luiziana və Missisipiyə çatdı. Küləyin sürəti təqribən 280km/saat təşkil edirdi. Luiziana, Missisipi, Florida, Corcia və Alabama ştatlarında 3 milyon sakin bir neçə həftəlik elektrik enerjisindən məhrum olmuşdu. 28 avqustda Yeni Orleanın meri məcburi təxliyyə elan edir. Bu zaman şəhərin 80%-i şəhəri tərk edir. Təbii fəlakət nəticəsində 1836 nəfər həlak olmuşdu. Ən çox zərər görən şəhər məhz Yeni Orlean olmuşdu. Konqress şəhərin bərpa olunması üçün 110 milyard dollar ayırmışdı. 29 avqust isə ABŞ-da Katrina qasırğasının milli anım günü elan edildi.


«Sandy» qasırğası. Oktyabr, 2012-ci il. İqtisadi zərər — $50 milyard

2012-ci ilin 29 oktyabrında Kubaya toxunan qasırğa ABŞ ərazisinə yaxınlaşır. Amerikanın bütün şərq sahilləri Sandy qasırğasından zədə almışdı, lakin əsas zərbə Nyu-York və Nyu-Cersinin payına düşür. 29 oktyabrda Nyu-Yorkun küçələri, tunellər və metro su altında qalır. Yeraltı nəqliyyat və metro öz işini dayandırır.

Nyu-Cersinin barajı daşır, Munaçi, Littl-Ferri və Karlstadt şəhərləri tamamilə su altında qalır. Şərq sahillərində dəmiryolu ilə ünsiyyət kəsilir, 15 min aviareys ləğv edilir.

Qasırğa nəticəsində 73 nəfər həyatını itirib, iqtisadi zərər isə 50 milyard dollar olaraq qiymətləndirilib.

 

«Ike» qasırğası. Sentyabr, 2008-ci il. İqtisadi zərər  — $13,5 milyard

2008-ci ilin sentyabr ayında daha öncə Kubanı vurmuş Ike qasırğası Texasa zərbə endirir. 113 nəfər həyatını itirir. Federal rəhbərlik infrastrukturun bərpa edilməsi üçün 3,1 milyard dollar ayırmışdı. Qasırğanın vurduğu iqtisadi zərər isə 13,5 milyard dollar idi.

«Wilma» qasırğası. Oktyabr, 2005-ci il. İqtisadi zərər  — $11,7 milyard

Siklon oktyabrın 15-də Yamayka sahillərində Karib dənizində əmələ gəlir. Küləyin şiddəti 298 km/saata çatırdı. 62 nəfər həlak olan qasırğanın vurduğu iqtisadi zərər 11,7 milyard dollar olaraq qiymətəndirilmişdi.

Əsas zərbə Floridanın cənub hissəsinə dəymişdi. Belə ki, 6 milyon yerli əhali işıqsız qalmışdı. Elektrik enerjisinin bərpası 20 gündən sonra mümkün oldu.



«Andrew» qasırğası. Avqust, 1992-ci il. İqtisadi zərər — $26,5 milyard dollar (1992-ci il qiymətləri ilə)

 

Siklon 16 avqustda Atlantik okeanının şərqində əmələ gəlir və 8 gündən sonra ABŞ ərazisinə yaxınlaşır. Küləyin sürəti 270 km/saata çatırdı. Bu qasırğa 63 min binanı məhv etmişdi. 230 min insan öz evini tərk etməli olur.

Qasırğanın vurduğu zərər 26,5 milyard dollar təşkil edirdi. Tufan 26 avqustda Meksika körfəzində neft platformalarını vurur. Neftçilərin itkisi bu zaman 500 milyon dollar təşkil edir.

Andrew qasırğasından sonra yerli rəhbərlik yaşayış evlərinin inşası qaydalarını dəyişir və yeni evlər növbəti qasırğaya daha davamlı olmalı idi.

Son xəbərlər
Digər xəbərlər