-1 C
Baku
Friday, February 21, 2025

Külli miqdarda mənimsəmədə təqsirləndirilən tikinki şirkətinin rəhbəri ev dustaqlığına buraxılıb

Külli miqdarda mənimsəmədə və leqallaşdırmada təqsirləndirilən Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində bildirib ki, onun tikinki şirkəti olub və Qobustanda fəaliyyət göstərib: “”İnşaat-F” adlı şirkəti 2006-cı ildə yaratmışam. Əsasən, binaların və yolların bərpası işi ilə məşğul olmuşam”.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxs 384 min manat xərcləyib və qalan 32 min manatı mənimsəyib. Bu pul Qobustan İcra Hakimiyyətinin nümayəndəsi və qeyriləri arasında bölünüb.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Vüsal İbadov bildirib ki, F.Rəhimovun keçirdiyi infrakt və yol qəzasında xəsarət alması səbəbindən səhhətində ciddi problemlər yaranıb. O, ürək əməliyyatı da keçirib və hazırda müalicəyə ehtiyacı var. Vəkil onun ziyanı tam ödədiyini qeyd edib və ev dustaqlığına buraxılmasını xahiş edib.

Hakim bildirib ki, daxil olmuş sənədlərə görə, vurulan 62 min 400 manat maddi ziyan tam ödənilib və F.Rəhimovun səhhətində ciddi problem olması barədə Bakı İstintaq Təcridxanasından sənəd daxil olub.

Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar çıxarıb.

Proses martın 11-də davam etdiriləcək.

Qeyd edək ki, iş adamı Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

İttihama görə, ümumilikdə Fəqani Rəhimovun 35 şirkətinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər