Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğundan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, gömrük orqanına mütləq bəyan edilməli əşyalarının olmadığını bildirən həmin şəxsin üzərində qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin vətəndaşın boynuna taxılmış vəziyyətdə, qızıla oxşar metaldan hazırlanan zəncir, həmin zəncirə kulon şəklində keçirilmiş, kustar üsulla hazırlanan və gümüşü rəngə boyadılan metal parçası, sağ qolundan şifahi, yazılı, elektron formada bəyan olunmayan 1 ədəd qızıla oxşar metaldan hazırlanmış, gümüşü rəngə boyadılmış qolbaq aşkar edilib. Zəncirə kulon şəkilində keçirilmiş metal parçasının hansı materialdan hazırlandığı sualına isə o, qeyri-səmimilik göstərərək gümüşdən olduğunu bildirib.
Lakin keçirilən ekspertiza gömrükçülərin şübhələrini təsdiqləyib və həqiqəti üzə çıxarıb. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən tədqiqata təqdim olunan 1 ədəd zəncirin metalı 750 əyarlı qızıla uyğun, çəkisi 25.60 qram, 1 ədəd kulon şəkilli ərintinin metalı təxminən 850 əyarlı qızıla uyğun, çəkisi 656.51 qram, 1 ədəd qolbağın metalı təxminən 750 əyarlı qızıla uyğun, çəkisi 259.22 qramdır. Ekspertizanın rəyinə əsasən aşkar olunan qızıl məmulatlarının ümumi çəkisi 941.33 qram müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
APA-Economics