14 C
Baku
Friday, November 22, 2024

Kupçasız binada sahibkarlıq fəaliyyətlə məşğul olmaq olarmı?

Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 59-cu maddəsi qanunla qadağan edilməmiş iqtisadi fəaliyyət növü ilə məşğul olmasına imkan verir və belə fəaliyyət Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti sayıldığından bu fəaliyyətlə məşğul olmaq fiziki şəxs Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələrinə uyğun olaraq “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə”ni verməklə (ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur) vergi ödəyicisi kimi uçota dayanmalıdır.

Onu da qeyd edək ki, vergi orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşı olan fiziki şəxslərin vergi uçotuna alınması elektron formatda da aparıla bilər və onlayn qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsi portalının “Onlayn kargüzarlıq”dakı “İstifadəçi təlimatları”ndan əldə edə bilərsiniz.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti təsərrüfat subyekti (məsələn, sorğunuzda qeyd etdiyiniz kişi salonu) vasitəsi ilə həyata keçirildikdə həmin təsərrüfat subyekti (obyekti) də vergi uçotuna alınmalıdır. Bunun üçün həmin təsərrüfat subyektinin yerləşdiyi ərazi üzrə vergi orqanına (Bakı şəhərində, Bakı şəhəri Vergilər departamentinin Uçot idarəsinə) “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə yanaşı mülkiyyət hüququnu təsdiq edən sənəd və ya icarə müqaviləsi təqdim olunmalıdır

Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlərin ayrıca texniki pasportu və ya digər sənədi olmadıqda, həmin tikilinin, torpaq sahəsinin və ya həyətyanı təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür. Eyni ilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər (çıxarış, şəhadətnamə, qeydiyyat vəsiqəsi, bələdiyyənin və ya icra hakimiyyətinin sərəncam və qərarları) uçotun aparılması üçün əsas götürülə bilər. Məsələn: yeni tikilidirsə (yaşayış binasının altı) binanın tikintisinə icazə verilməsi haqqında icra hakimiyyətinin sərəncamı, MTK ilə vətəndaş arasında alqı-satqı müqaviləsi və s.

Vergi ödəyicisi tərəfindən ünvanı təsdiq edən sənəd təqdim edilə bilmədikdə (yuxarıda göstərilən sənədlərdən heç biri olmadıqada) onun müraciətinə əsasən vergi orqanının operativ nəzarət bölməsinin işçisi tərəfindən sahibkarlıq fəaliyyəti göstərilən obyekt barədə sərbəst formada akt tərtib edilməli və bu aktda vergi ödəyicisinin VÖEN-i, obyektin ünvanı, tikintinin növü (daş, kərpic, dəmir və s.), ümumi sahəsi və digər texniki parametrləri barədə məlumatlar göstərilməlidir. Obyektin yerləşdiyi küçənin adı və tikilinin nömrəsi olmadığı hallarda aktda ünvan məlumatları coğrafi (şimal, cənub, şərq, qərb) və ya səmt terminlərindən (sağ, sol, yanı və s) istifadə edilməklə göstərilir. Akt vergi orqanının rəhbəri tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra ünvanı təsdiq edən sənədə bərabər tutulmaqla vergi ödəyicisinin obyektinin olduğu yer üzrə uçota alınmasına əsas verir.

Belə ki, vergi ödəyiciləri öz eyniləşdirmə nömrələri ilə təsərrüfat subyektlərinin olduqları yer üzrə uçota alınırlar və onlara vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayış verilir.

Vergi orqanlarına qeydiyyat proseduraları, vergitutma məqamları, vergi öhdəlikləri və vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında qeydiyyata alınmasına dair prosedur qaydaları, NKA-ların tətbiqi barədə ətraflı məlumatı isə həmin internet saytının ana səhifəsində yerləşdirilən “Sahibkarın vergi bələdçisi” bölməsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər