Kuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir?

Mən vergi orqanında uçota alınsam və kuryer kimi fəaliyyətə başlasam, nə gədər vergi ödəməliyəm?

Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək ərizə ilə vergi orqanına müraciət edib vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq, müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilmiş gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Eyni zamanda bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. Kuryer fəaliyyəti də bu maddədə qeyd olunan fəaliyyət növlərinə aid edilir. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Əlavə olaraq qeyd olunub ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Vətəndaşlar vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər