Müəllif: Müstəqil treyder, Rüfət Axundov
Peter Lynch deyirdi ki, Wall Street-də bir fikir formalaşıb: “Sən, heç vaxt müştərilərinin vəsaitini IBM şirkətinə yatıraraq itkilərlə üzləşsən öz iş yerini itirməli olmayacaqsan”.
Əvvəla, gəlin baxaq ki, Peter Lynç kimdir? 1949-cu il təvəllüdlü Lynch, bir aralar “Fidelity Magellan” fondunun rəhbəri olmuşdur (1977-1990).
Amerika kapitalist tarixinin ən məşhur investorlarından biridir. 2006-ci ildə onun şəxsi var-dövləti 400 milyon dollara yaxın qiymətləndirilirdi. İndi isə Peter-in nə demək istədiyinə nəzər salaq. Peter demək istəyirdi ki, IBM kimi dünya şöhrətli, kifayət qədər böyük bazar dəyərinə malik şirkətlər həmişə “dəbdə” olan şirkətlər sırasındadır. Ən azından qeyri peşəkar investorların gözündə təbii ki. Amerika investisiya fondlarına yatırım edən şəxslərin isə demək olar ki, yarısı maliyyə dünyasında qeyri peşəkar, müxtəlif ixtisas və peşə mənsubiyyətinə malik insanlardır. Əgər sən bir fond rəhbəri olaraq hər hansı bir yeni və tanınmamış şirkətə yatırım edərək vəsaiti itirsən, qarışlaşdığın ilk münasibət – “sənə deyən var idi, meşənin qaranlığında yatırım axtarasan?” – reaksiyası olacaq. Qısa şəkildə desək, Peter-in bu fikri ilə razılaşmamaq mümkün deyil.
Bu arada dostlarımdan birinin demiş olduğu bir fikir tam yerinə düşür: “Kütlə həmişə nisbətən aşağı IQ səviyyəsinə malikdir, bu isə individualların (ayrı-ayrı fərdlərin) kütlədən IQ səviyyəsinə görə müsbət fərqlənməsinə imkan yaradan amillərdən biridir”. Bu mövzunu açmaq məqsədim, hal-hazırda oxuduğum kitabla bağlıdır. Kitab, Amerika maliyyə bazarlarında rast gəlinmiş fırıldaqçılıq halları ilə bağlıdır. Əsas diqqət şirkət rəhbərlikləri və aidiyyəti qurumlara təqdim olunan maliyyə hesabatlarında yol verilən dələduzluqlara yönəlmişdir.
Kitabda qeyd edilir ki, IBM 1999-cu ildə, əvvəlki illə müqayisədə 7.2% daha çox satış həyata keçirmişdi. Həmin satışlarla bağlı xərclər isə müvafiq dövrdə 9.5% artmışdır. Bu rəqəmlərə ilk baxışdan yaranan məntiqli nəticə odur ki, xərclərin satışdan daha sürətlə artması, yekunda mənfəətin artım sürətinə mənfi təsir etməli idi. Amma maraqlı tərəfi odur ki, şirkətin sırf biznes fəaliyyətindən əldə etdiyi gəlirlər (operating profits – əməliyyat gəlirləri) və vergidən öncəki gəlirlər (pretax profits), 30% artıb. Bu isə öncəki illə müqayisədə olduqca güclü artım tempidir.
Kitabın müəllifi bu fikirdən irəli gedərək yazır: Əgər investorlar şirkətin 1999-cu il hesabatını oxuyanda bir qədər diqqətli olsaydılar, problemin kökünü asanlıqla aşkarlaya bilərdilər. Hesabata edilən əlavələrdə şirkət rəhbərliyi qeyd edir ki, “IBM şirkəti özünün Global Network biznesini AT&T adlı şirkətə satmağa qərar verib.” Satışdan əldə edilən 4 milyard dollar isə IBM şirkətinin – satış, ümumi və inzibati- xərcləri bölməsinə yerləşdirilir.
Məhz buna görə də “operating profits” dediyimiz rəqəmlər süni olaraq şişirdilib. Əslində isə bu tip gəlirlər (mütəmadi xarakter daşımayan və biznesin fundamental prinsiplərinə bağlı olmayan mənbələrdən əldə edilən gəlirlər), hesabatın “operating profit” hissəsindən daha sonra gələn hissəsində yer almalı idi.
Başqa sözlə, əldə edilən bu gəlir “non-operating profit” (qeyri-əməliyyat gəlirləri) olduğundan, aidiyyəti bölməyə, yəni pre-taxdan öncə amma operating profitdən sonra gələn bilməyə yerləşdirilməli idi. Son olaraq müəllif qeyd edir ki, bu fırıldağı aradan qaldırdıqda, IBM şirkətinin “operating” və “pre-tax” gəlirləri reallıqda 14% enmişdir. Bu isə hesabatda təqdim olunan 30% artımdan tamamilə fərqli bir rəqəmdir. İndi siz özünüz deyin əziz və hörmətli oxuyucular, Peter Lynch duz deyirdi yoxsa yox?
Bunu görərək, bu hadisələrin şahidi olaraq, kütlə yenə də inanır ki “nəhənglər” hər zaman dəbdə olacaqlar və onlarda fırıldaq mövcud ola bilməz.
Bu hadisə əslində gözəl bir fürsət verir, çünki o kütlə mövcud olmasaydı individualların bazarda qazanc əldə etməsi çox çətin olardı.
Əhalinin dərc olunan “qazanc” göstəricilərinə bu qədər bağlı olması məni heyran qoyur. Şirkətin hər rüb Wall Street ehtimallarını keçməsi az qala olimpiya yarışlarında qazanılan qızıl medala bərabər tutulur. Əksinə əgər qazanclar gözləntilərdən 1 manat əskik olarsa o dəqiqə bazarda səhmlərin kütləvi satışı başlayır. Təbii ki, şirkətdəkilər də bunu yaxşı bilir, ona görə də ona görə də ictimaiyyətə parlaq rəqəmlər və göstəricilər təqdim olunur.
Çünki, onlar anlayır ki, rəqəmlərə baxanların 90%-i nəyə baxdıqlarını tam başa düşmürlər. Bu vəziyyət sözün əsl mənasında yaxşı yatırımlar etmək üçün sonsuz sayda imkanlar yaradır.