9 C
Baku
Sunday, December 22, 2024

Kütlə psixologiyası və ya Forex bazarı idarə olunurmu?

Müəllif: Yusif Abdullayev, iqtisadçı

Forex-Foreign Exchange sözündən götürülüb və müxtəlif valyutaların alınıb satıldığı bazardır. XX əsrdə sürətlə dəyişən bazar konyukturası müxtəlif ölkələrin valyutalarının Forex bazarında əmtəə formasında alqı-satqı bazarının, FOREX-in formalaşmasına səbəb olmuşdur. Sonradan bu bazarın valyuta ticarətini edən, treyder adı ilə tanınan iştirakçıları meydana çıxmışdır.

Forex əməliyyatlarının əsas mərkəzi London birjasıdır. Amma Nyu-York, Tokio, Honq-Konq və Sinqapur da əhəmiyyətli mərkəzlərdən sayılır. Valyuta mübadiləsi gün ərzində fasiləsiz davam edir. Asiya sessiyası ilə başlayan mübadilə Avropa ilə davam edir və Amerika sessiyası ilə yekunlaşır. Amerikada günün başa çatması ilə Asiyada yeni gün başlayır və Asiya sessiyası növbəti günün mübadilələrini başlayır. valyutalar

Bazar iqtisadiyyatına qədəm qoyulandan Azərbaycan da Forex bazarının iştirakçıları formalaşmağa başladı. Xarici market makerlər[1] Azərbaycanda nümayəndəliklər açmağa başladı və yerli market maker firmalar yaranmağa başladı.

Valyuta kursunu proqnozlaşdırmaq üçün bir neçə analizdən istifadə olunur.

  1. Fundamental analiz
  2. Texniki analiz
  3. Qrafik analiz

 Fundamental analiz iqtisadi indikatorlar və geosiyasi vəziyyət əsasında aparılır. Məsələn, ABŞ-da inflyasiya artmışdır. Makroiqtisadi biliklərə malik şəxs bilir ki, inflyasiya artdıqca inflyasiya təzyiqini azaltmaq üçün mərkəzi banklar[2] kreditləşmə üçün olan uçot dərəcəsini artırırlar. Yəni pulu bahalaşdırırlar ki, bazarda olan artıq pulun mərkəzi banklara axını yaransın. Pul azaldıqca qiymətlər də stabilləşir. Bunu bilən treyder ABŞ-da inflyasiyanın artdığını görən kimi dollar alır. Bilir ki, müəyyən müddətdən sonra dolların digər valyutala nisbətdə bahalaşacaq. Valyuta kursuna təsir edən bir sıra iqtisadi indikatorlar mövcuddur. Buna müxtəlif ölkələr üçün ÜDM, inflyasiya, işsizlik, istehlakçı indexi (customer confidence index), tədiyyə balansı, dövlət borcu, tikilən binaların sayı, neft, qızıl və bu kimi strateji əmtəələtin qiymətləri, böyük ölkələrin neft ehtiyyatlar, dow-jones, nasdaq və digər fond indeksləri təsir göstərir.

 İndikatorla yanaşı bazarın gözləntiləri kursa əhəmiyyətli təsir göstərir. Hər hansı bir indikator elan olunmamışdan əvvəl müəyyən proqnozlar verilir. Misalla izah edək. ABŞ-da inflyasiya əmsalı elan olunmasına 1 həftə qalıb. Müxtəlif institutlar, maliyyə qurumları inflyasiyanın 1% artdığı fikrini irəli sürürlər. Bazar o qədər çevikdir ki, inflyasiya üzrə rəsmi hesabatın təqdim olunmasını gözləmədən artıq reaksiya verirlər. Yəni dolların bahalaşmasını gözləyən bazar artıq o qədər dollar alırlar ki, artıq bazar doyur. İndikator elan olunduqda, əgər o gözlənildiyi kimi 1%-dirsə valyuta kursunda artım az olur. Çünki, olmalı olan artım artıq 1 həftə ərzində olub.

İqtisadi indikatorlarla yanaşı geosiyasi vəziyyət də valyuta kursuna təsir edir. 2007-ci ilin yazında bütün iqtisadi indikatorlar və digər analizlər ABŞ dollarının qiymətinin sürətlə düşəcəyini proqnozlaşdırırdı. Bütün investorlar bu ucuzlaşmadan itirməmək üçün dolları satırdı. Amma bir səhər Avropa yuxudan oyandığında dolların qiymətninin kəskin artdığını müşahidə etdi. Nə baş vermişdi. Avropa yuxuda olarkən Şimali Koreya nüvə raketlərinin sınağını həyata keçiribmiş. Bu isə Uzaq Şərqdə geosiyasi vəziyyəti təhlükəli etmişdir. Bazar bu amilə anında reaksiya vermişdir. Hamı yapon yenini və digər qiymətli kağızları sataraq dollar almağa başlamışdı. Çünki, müharibə şəraiti üçün dollar “sığınacaq valyutası” hesab olunur. Yaxud elə həmin il İsrailin Livanın ərazisinə daxil olması dolların iqtisadi indikatorlarının proqnozlaşdırmadığı artımına səbəb olmuşdur. Uyğun olaraq 2002-ci ildə baş verən Katrina qasırğası Forex bazarında baş verən ən böyük ABŞ dollar ucuzlaşmasına səbəb olmuşdur.

Texniki analiz. Texniki analiz müxtəlif indikatorların əsasında aparılır. Bu indikatorlar statistik analizə əsaslanan mürəkkəb riyazi formulların vasitəsilə müəyyənləşən indikatorlardır. Moving Average, Alligator, Fractal, MACD və s. indikatorlar təyinatına görə valyuta kursu üçün gələcəyə proqnozları verməlidirlər. Lakin bunların hesablanmasının əsasında keçmiş statistika durduğu üçün gələcək üçün düzgün proqnoz verməsi əsassızdı. Moving Average indikatorunun hesablannmasına diqqət yetirək:

MA (10)= [P(1)+P(2)+…P(10)]/10

texniki

Burada MA (10)-10 günlük Moving Average indikatoru, P(1), P(2),…, P(10) uyğun olaraq 1 gün əvvəlki, 2 gün əvvəlki,…, 10 gün əvvəlki qiymətdir. Qısaca MA (10) indikatoru son 10 günün ortalama qiymətidir və bu indikatorun valyuta kursunun gələcəyini necə proqnozlaşdıra bilər. Məncə bu mümkünsüzdür.

Texniki analizdə istifadə olunan bütün indikatorlar MA kimi keçmiş statistikaya əsaslanır. Statistika da bildiyimiz kimi keçmiş məfhumudur. Kim deyə bilər ki, keçmişdə baş verənlər təkrarlanacaq?

Qrafik analiz. Valyuta kursu qrafik olaraq nəzərdən keçirildikdə iki ölçülü fəzada müxtəlif fiqurlar, ziq-zaqlar, görüntüləri yaradırlar. Treyderlər bu görütülərə görə bazarın necə dəyişəcəyini proqnozlaşdırırlar. Məsələn, baş və çiyinlər fiquru. Bu fiqur yarananda treyderlər qəbul edirlər ki, trendin istiqaməti davam edəcək. Yaxud 2 təpə fiquru. Fiqur yaranması trendin dəyişəcəyi anlamına gəlir. Çox sayda belə fiqurlar var.

Qrafik üsulla analizdə bu kimi fiqurlarla yanaşı Fibonaççi çoxluğu nəzəriyyəsinin, Elliot dalğaları nəzəriyyəsinin FOREX bazarında proqnozlaşdırma üçün tətbiq olunur.

Bazara, qrafiklərlərə diqqət yetirdikdə çoxlu sayda bu çür fiqurlar, Fibonaççi çoxluğu nəzəriyyəsinə, yaxud Eliot dalğaları nəzəriyyəsinə uyğun gələn trendlər görmək olar. Lakin bu müşahidələr əsas vermir ki, bazarın hansı istiqamətdə dəyişəcəyini dəqiq söyləmək olsun.

qrafik

Müəllif mövqeyi

 Fakt odur ki, FOREX-də alqı-satqı edənlərin əksəriyyəti fundamental analiz edə biləcək ixtisas sahibləri deyil. Bu şəxslər qrafik və texniki analiz vasitəsilə proqnozlar verirlər və buna uyğun olaraq bazar əməliyyatları aparırlar.

Yuxarıda qeyd etdim ki, texniki və qrafik analizin heç bir elmi əsası yoxdur. İstər indikatorlar, istərsə də qrafik analizlərdə istifadə olunan fiqur və nəzəriyyələr bir valyutanın digərinə nisbətən necə dəyişəcəyini proqnozlaşdırmaq iqtidarında deyil, ola da bilməz. Amma treyderlər iddia edirlər ki, bunlar özünü doğruldur.

İndikatorlarla bağlı treyderlərin ortaq fikrini təqdim edirəm. “Mən bilmirəm bu indikatorlar necə işləyir. Əsasında nə durur, hesablama necə gedir? Əslində heç bu məni heç maraqlandırmır da. Əsas məsələ odur ki, əksər hallarda bu indikator mənə pul qazandırır.” Bəli, əminliklə deyə bilərəm ki, fundamental analizi kənara qoyub, texniki və qrafik analizlər hesabına uğurlu olan FOREX treyderləri belə fikirləşir.

 Sirr nədədir? Əgər bu indikatorlar izahlı əsası yoxdursa niyə bu qədər böyük kütlə bu indikatorların arxasında gedir. Və qazanır. Sirr elə kütlənin böyük olmasındadır.

Elementar qiymət əmələ gəlmə nəzəriyyəsinə baxaq. Bir əmtəəyə tələb artdıqda onun qiyməti artır. Təklif, dolayısı ilə onu satmaq istəyənlərin sayı artdıqda isə qiymət düşür. Bu bazar da belə işləyir.muellif

Misal üzərində baxaq. EUR/JPY kursu uzun müddətlik artan trend ilə dəyişir. Yəni Euronun Yapon iyeninə nisbətən bahalaşması davam edir. Fiqurlarla proqnoz verən treyderlər baxırlar ki, “iki təpə fiquru” fomalaşmağa başlayır. “iki təpə” o deməkdir ki, trend əks istiqamətdə kəskin dəyişəcək. Yəni euro çox sürətlə uzuclaşmağa başlayacaq. Bütün bunu qəbul edən fiqurlarla proqnoz verənlər fiqurun tamamlanmasını gözləyir. Yəni gözləyirlər “ikinci təpə” formalaşsın. “İkinci təpə” formalaşan kimi hamı euronu satıb yen alır. Nə baş verir? Euroya tələb azalır. Yenə tələb artır. Qiymət əmələ gəlmənin sadə mexanizmi. Tələb artan əmtəə (bizim halda yen) bahalaşmağa başlayır, təklif artan (euro) ucuzlaşmağa.

Birja quruları. Quru sözünün müdrik anlamına gəlir. Birja quruları bazarda hərəkətin hansı istiqamətdə dəyişəcəyini qabaqcadan söyləyən indikatorları, metodları yaradan şəxslər, alimlərdir. Onar yaratdıqları nəzəriyyələrin tətbiqinin uğurlu olması ilə məşhurlaşırlar. FOREX və birja tarixində müxtəlif qurular olmuşdur. Onlar müəyyən bir metod hazırlamış, onun tətbiqini təbliğ etmişlər. Onların təklif etdiyi metodlar da treyderlər tərəfindən qəbul olunmuş və tətbiq edilmişdir. Maraqlı burasındadır ki, eyni zamanda heç bir vaxt iki quru olmamışdır. Qurular tsiklik olaraq gəlmiş və getmişlər. 70-ci illərin əvvəlində Elson Quld adlı şəxsin təbliğ etdiyi nəzəriyyə valyuta kursunun Federal Reserv Bankının faiz siyasətinə əsaslanırdır. Onun nəziriyyəsi ilk vaxtlar uğur qazandı və çox sayda birja iştirakçıları proqnozlaşdırmada onun nəzəriyyəsinə əsaslanaraq ticarət edirdilər. Onun nəzəriyyəsinə əsaslanan proqnozlar düz çıxdıqca bu nəzəriyyə daha da məşhurlaşırdı. Lakin zaman keçdikcə bu nəzəriyyə qüvvəsini və istifadəçilərini itirməyə başladı. 70-ci illərin sonunda yeni Quru, Josef Qranvil peyda oldu. Onun nəzəriyyəsi bazar əməliyyatlarında iştirak edən pulun həcminə əsaslanırdı. İlk əvvəl nəzəriyyəsi o qədər uğurlu olmasa da, sonradan treyderlər tərəfindən istifadə olunmağa başladı və məşhurlaşdı. Qranvil nəzəriyyəsinin iflası ilə Elliot dalğaları əsasında proqnozlaşdırmaya əsaslanan Robert Prekter, onun iflası statistika və həcmə əsaslanan nəzəriyyəni bazara gətirən Bil Villiams və s. qurular gəlib getdi.

Bu quruların və nəzəriyyələrin məşhurlaşması və iflası nə ilə əlaqədardır. Sadəcə tələb və təklif əsasında qiymət əmələ gəlmə ilə. Yeni nəzəriyyə çıxır, çoxluq həmin nəzəriyyəyə əsasən hərəkət edir. Nəzəriyyəyə çoxluğun inanması qüvvə verir. Eyni nəzəriyyə əsasında çıxış edənlər eyni anda alır, eyni anda satır. Eyni anda alarkən tələb çoxaldığı üçün qiymət artır, eyni anda satıldığı üçün təklif çoxaldığı üçün qiymət azalır. Bu da nəzəriyyələri “işlək” edir. Bəs nəzəriyyələr necə iflasa uğrayır. Bazarda iqtisadi, yəni fundamental dəyişiklik olduqda bu yalançı tələb və təkliflər öz təsir qüvvəsini itirir. Bu zaman nəzəriyyədən incik düşənlərin sayı artır. Nəzəriyyəyə inamsızlıq nümayiş etdirənlər yeni metodlar, nəzəriyyələr axtarışında olurlar. Və yeni quru və yeni nəzəriyyə meydana çıxır.

Yəni bazarı əslində indikatorlara və nəzəriyyələrə inanan, indikatorların və nəzəriyyələrin arxasınca gedən kütlə idarə edir. Forex sahəsində tanınmış mütəxəssis olan Aleksandr Elder “Birjada necə oynamalı və udmalı” kitabında yazır. Birja oyunlarında müvəffəqiyyət 3 amildən asılır: psixologiya, metod və maliyyə. Göründüyü kimi psixologiya birinci yerdədi. Əsərdə treyderin öz psixolji durumu ilə yanaşı kütlənin psixologiyasının hiss olunması əsas şərtlərdən hesab olunması ön plana çəkilir. Bazarı hərəkətə gətirən tələb və təklifdir. Tələb və təklifi isə dəyişən bazar iştiralçıları, bankar, investisiya fondları, treyderlərdir. Onlar hamısı eyni qrafiki izləyirlər. Eyni məlumatların əsasında qərar verirlər. Uğur üçün əsas məsələ çoxluğun hansı qərarın verəcəyini duymaqdır. Çoxluğun verəcəyi qərarı müəyyən edən, çoxluğun, yəni güclünün tərəfində olan adam həyatda olduğu kimi birjada da udacaq.

Çoxluq deyəndə say nəzərdə tutulmur. Burda bazarda alqı-satıq üçün istifadə olunan vəsaitin çoxluğu nəzərdə tutulur. Tələb tərəfdə para çoxdursa qiymət artır, təklif tərəfdə para çoxdursa qiymət azalır. Bəzən çox az sayda iştirakçı çox para ilə birjanı dəyişmək imkanına malikdir. “Corc Soros birjanı idarə edir” mifi buna əsaslanır. Bil Qeytsin varidatının saniyədə milyonlarla dollarla artması Microsoft məhsullarının satışı ilə deyil, məhz forex və birja əməliyyatları sayəsindədir. Qlobal iqtisadiyyatın idarə olunmasında böyuk dövlətlərin, Dünya Bankının, BVF-un və digər transmilli korporasiyaların rolu bundan ibarətdir. Kütlənin idarə olunması.


[1]Market maker brokeri Forex bazarına çıxmaq üçün infrastrukturu yaradan qurumdur. Yəni İT, hesab və s. dəstək ilə təmin edir və Brokerin apardığı əməliyyatlardan komissyon alır.

[2]ABŞ-da Federal Rezerv Fondu (FED)

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.