Küveyt və Səudiyyə Ərəbistanı müvəqqəti atəşkəs rejiminə baxmayaraq, ərazilərində yerləşən obyektlərə yeni hücumların edildiyini bildiriblər. Küveyt Xarici İşlər Nazirliyinin Facebook-da yaydığı məlumata görə, pilotsuz uçuş aparatlarının zərbələri ölkənin “bəzi həyati əhəmiyyətli obyektlərinə” yönəlib. Səudiyyə Ərəbistanının dövlət agentliyi isə mənbəyə istinadən krallığın yanacaq-energetika kompleksinə ziyan dəydiyini bildirib.
Səudiyyə tərəfi dəqiqləşdirib ki, zərbələr Şərq–Qərb neft kəmərinin nasos stansiyalarını hədəf alıb və bu, gündəlik nəqlin təxminən 700 min barel azalmasına səbəb olub. Həmçinin Manifa neft emalı zavodu zərər görüb və onun gücü gündəlik təxminən 300 min barel azalıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlarda iştirakını inkar edib. “İran İslam Respublikasının silahlı qüvvələri atəşkəs saatları ərzində heç bir ölkəyə qarşı heç bir raket buraxmayıb”, — deyə Press TV telekanalının sitat gətirdiyi bəyanatda bildirilir. SEPAH hücumların ABŞ və ya İsrail tərəfindən təxribat ola biləcəyini istisna etməyib.
ABŞ prezidenti Donald Tramp aprelin 8-də qüvvəyə minmiş atəşkəs razılaşmasının pozulacağı təqdirdə İranla hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib. İran isə öz növbəsində hesab edir ki, razılaşmanın şərtləri artıq pozulur və bunu İsrail Müdafiə Ordusunun Livanda “Hizbullah”a qarşı davam edən əməliyyatları ilə əsaslandırır. İran tərəfi Livana zərbələr dayandırılmasa, aprelin 10-da Pakistanda ABŞ nümayəndələri ilə planlaşdırılan görüşün ləğv edilə biləcəyini də istisna etməyib.






