Kvalifikasiyaların tanınması ilə bağlı ərizəçinin müraciətinə müvafiq sənədlər Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (TMİS) tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 ay müddətində baxılacaq.
Bu barədə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əks olunub.
Qeyd olunub ki, ilk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təhsil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir.
Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır.
Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir:
ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik;
ərizəçinin təhsilalma tarixi;
ərizəçinin hərbi mükəlləfiyyəti;
ərizəçinin əmək fəaliyyəti;
ərizəçinin sərhədkeçmə qeydiyyatı.
Qeyd edilən məlumatları dövlət orqanlarının və qurumların informasiya sistemlərindən və ehtiyatlarından əldə etmək mümkün olmadıqda, həmin məlumatlar sorğu əsasında aidiyyəti orqandan (qurumdan) və ya təhsil müəssisəsindən tələb olunur və yaxud ərizəçi tərəfindən kağız daşıyıcıda (elektron sənəd formasında) 20 (iyirmi) gün müddətində təqdim edilir.
Aşağıdakı hallar barədə ərizəçinin müraciəti Agentliyə daxil olduğu gündən 10 gün müddətində ərizəçinin şəxsi kabinetinə məlumat göndərilir:
təqdim olunmuş sənədlərdə (məlumatlarda) çatışmazlıq və ya ziddiyyət aşkar olunduqda;
sənədlər bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun şəkildə təqdim olunmadıqda;
Bu qaydaların 3.4-cü bəndində qeyd olunan halda. (Bu Qaydaların 3.3-cü bəndində qeyd edilən məlumatları dövlət orqanlarının və qurumların informasiya sistemlərindən və ehtiyatlarından əldə etmək mümkün olmadıqda, həmin məlumatlar sorğu əsasında aidiyyəti orqandan (qurumdan) və ya təhsil müəssisəsindən tələb olunur və yaxud ərizəçi tərəfindən kağız daşıyıcıda (elektron sənəd formasında) 20 (iyirmi) gün müddətində təqdim edilir.)
Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qaçqın və məcburi köçkün statusu olan ərizəçi tərəfindən bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlərdən birini və ya bir neçəsini təqdim etməsi mümkün olmadıqda, Agentlik həmin sənədə (və ya sənədlərə) dair ərizəçinin ərizədə qeyd etdiyi məlumatlar əsasında qiymətləndirilməsini aparır.
Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir:
ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması;
ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması);
ali təhsilə dair kvalifikasiyanın peşə tanınması;
ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi.
Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.
Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir:
bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda;
ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda;
peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda.
Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir.