Ləğv prosesində olan “Muğanbank” və “Günaybank” üzrə kompensasiyaların 98 %-i ödənilib.
Bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, Fondun mövcud qanunvericiliyə və qaydalara əsasən tətbiq etdiyi mexanizm mümkün fırıldaqçılıq hallarının və risklərin qarşısının alınmasına yönəlib: “Bu məqsədlə kompensasiyalar artıq Fondun kassaları vasitəsilə deyil, agent banklar üzərindən ödənilir. Əmanətçilər agent banklara müraciət edərək şəxsiyyətlərini təsdiq edən məlumatları təqdim etdikdən sonra kompensasiyalarını həmin banklar vasitəsilə əldə edə bilirlər”.
O bildirib ki, Fond kompensasiyaların nağdsız qaydada ödənilməsinə üstünlük verir: “Bu yanaşma həm kassa əməliyyatlarının həcmini azaldır, həm də vətəndaşlara vəsaitlərini daha rahat idarə etmək imkanı yaradır. Əmanətçilər agent bankda hesab açaraq kompensasiyalarını yeni əmanət kimi yerləşdirə və ya vəsaiti digər nağdsız ödəniş vasitələri ilə əldə edə bilərlər”.
A.Əmirov qeyd edib ki, “Günaybank” üzrə kompensasiyaların həcmi nəzərə alınaraq ödənişlər “Kapital Bank” vasitəsilə həyata keçirilib: “Muğanbank” üzrə kompensasiya olunan əmanətlərin həcmi və müraciətlərin çoxluğu səbəbindən isə ödənişlər bir deyil, iki agent bank vasitəsilə təşkil olunub. Hazırda “Muğanbank” və “Günaybank” üzrə kompensasiyaların təxminən 98 %-i ödənilib. Agent banklar vasitəsilə əmanətçilərə ümumilikdə 200 milyon manata yaxın kompensasiya verilib”.







