2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda yaşıl çay yarpağı hasilatı 12,3% artıb.
Banker.az, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkə üzrə 1 119,9 ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 ton çoxdur.
İstehsalın əsas hissəsi kimi tanınan Lənkəran-Astara iqtisadi rayonu üzrə yığım 1 078,4 ton olub və bu da ötən ilin 956,5 ton göstəricisini 12,7% üstələyib.
Astara rayonunda yığım 699,1 ton təşkil edib – bu da ötən ilin 633,5 ton göstəricisindən 65,6 ton çoxdur. Lənkəran rayonunda isə artım daha kəskindir. Yaşıl çay hasilatı 353,3 ton, yəni illik müqayisədə 70,1 ton və ya 24,7% çox. Masallı rayonunda əksinə, azalma müşahidə olunub – 2024-cü ilin 39,8 tonundan 26 tona düşüb.
Şəki-Zaqatala iqtisadi rayonunda yığım sabit qalıb – 41,5 ton, ötən illə müqayisədə cüzi artım qeydə alınıb.
Çayın ən geniş əkin sahələri Lənkəran və Astara rayonlarında cəmlənib. Lənkəran rayonu 546,2 hektar ilə ölkə üzrə ən böyük çay plantasiyasına sahib olub. Astara rayonunda əkin sahəsi 232,1 hektar, Masallıda isə 109,5 hektar təşkil edib.
Yaşıl çay yarpağı yığımına həm məhsuldar, həm də cavan çay əkmələrindən toplanmış yaşıl çay yarpağının yığımı daxildir.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycana çay idxalı 2023-cü illə müqayisədə artıb. Rəsmi statistikaya görə, ötən il ölkəyə 11 835,2 ton qara çay idxal olunub ki, bu da əvvəlki ilin 11 583,8 ton göstəricisindən 251,4 ton və ya 2,2% çoxdur. Dəyər baxımından da artım müşahidə edilib – 2024-cü ildə çay idxalının dəyəri 61 milyon dollar, 2023-cü ildə isə 57,3 milyon dollar olub. Beləliklə, idxal dəyəri 6,5% artıb.








