“Laçında aparılan işlər sürətlə davam etdirilir. Rayon sakinlərinin əmək fəaliyyəti üçün də işlər görülüb”.
Bunu açıqlamasında “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi Aqil Səfərəliyev bildirib.
Onun sözlərinə görə, Laçında hazırda 712 tikilidə işlər davam etdirilir: “Onlardan 9-u çoxmənzilli binadır. Aparılan abadlıq tədbirləri çərçivəsində qeyri-yaşayış obyektləri və kommunikasiyalarla bağlı da işlər görülüb. Şəhərdə 75 qeyri-yaşayış obyekti, həmçinin kommunikasiya xətlərinin hamısı – təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Bundan əlavə, ümumi kanalizasiya sisteminin inşası başa çatdırılıb. Şəhər bütünlüklə işıqlandırma sistem ilə təchiz edilib. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi tamamlanıb”.
A.Səfərəliyev Laçında görülən işlər çərçivəsində buraya köçürülən ailələrin əsas məşğuliyyəti və əmək fəaliyyəti barədə də danışıb. O bildirib ki, hazırda Laçında yaşayan ailələrin əmək məşğuliyyəti sahəsində işlər görülür: “Bu istiqamətdə bəzi sahələr üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, rayonun Zerti kəndi ərazisində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin yaradılması nəzərdə tutulub. Bakı Abadlıq Xidməti tərəfindən inşa olunan bu sənaye müəssisələri ilə laçınlı ailələr daimi işlə təmin olunacaq. Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200-1300 nəfər Laçın şəhər sakini işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər Laçın sakini işləyir”.
“Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi söyləyib ki, Zerti Aqro və Sənaye Parkında yerləşən “Zootopia” (qoyun və keçi saxlama məntəqəsi), “Fəyaz bağı” (istixanalar), “Gusto” (ət kəsimxanası), “Həkəri” (balıq təsərrüfatı), “Aydınoğlu” (mebel fabriki) fəaliyyət göstərəcək.
O bildirib ki, Laçın dağlıq ərazidə yerləşdiyi üçün burada havalar tez soyuyur: “Bu amil nəzərə alınaraq əhalinin qış istilik ehtiyatı artıq təmin edilib. Üstəlik, Laçın şəhəri noyabrın 8-dən etibarən təbii qazla təmin olunub. Sakinlərin istifadəsinə verilən evlərə kombi istilik sisteminin quraşdırılması da nəzərdə tutulub. Evlərdə və binalardan istilik sistemləri əvvəlcədən çəkilib, otaqlarda qızdırıcılar quraşdırılıb”.
Qeyd edək ki, Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayon ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb.