6 C
Baku
Thursday, February 22, 2024

Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb

Laçında ekoodun müəssisəsi fəaliyyətə başlayıb.

“Bakı Abadlıq Xidməti” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyevanın verdiyi məlumata görə, ekoloji təmiz məhsul sayılan ekoodun digər müəssisələrdəki istehsalat qalıqlarından, məsələn, mebel qırıqlarından, kəsinti və tullantılardan hazırlanır. Həmin qalıqlar yüksək hərarətli peçlərdə preslənir və ekoodun əldə olunur. Bu prosesi həyata keçirmək üçün İtaliyadan xüsusi avadanlıq gətirilib. “Bakı Abadlıq Xidməti” öz ənənəsinə uyğun olaraq, bu dəfə də işə yeni müəssisədə təlimlər keçməklə başlayıb. Müasir avadanlığın quraşdırılması, işə salınması, yeni texnologiya ilə işləyən laçınlılara xüsusi kursların keçirilməsi italiyalı mütəxəssislər tərəfindən icra olunub. Artıq təlim prosesi başa çatıb, müəssisə istehsalata başlayıb. Hazırda Laçındakı ekoodun müəssisəsində 12 yerli sakin çalışır. Bu məhsula tələb artdıqca təklif də çoxalacaq və istehsalat genişlənəcək.

Ekoloji odun adi odundan daha uzun müddət yanması ilə fərqlənir. Bu prosesin ekoloji cəhətdən də böyük üstünlükləri var. Ekoodun əldə olunanda ağac məhv edilmir, yalnız əvvəlki istehsalat zamanı qalan qalıqlardan hazırlanır. Bu da itkisiz istehsalat deməkdir. Bir müəssisənin məhsullarının qalıq və qırıntıları hesabına ikinci müəssisənin fəaliyyəti təmin edilir. Ekoodundan hər növ soba və kaminlərdə istifadə etmək olur. Qida sənayesində, kafe və restoranlarda, təbiət qoynundakı pikniklərdə, samovar və manqallarda da bu odun işə çox yarayır. Həmçinin istehsal zamanı heç bir kimyəvi qatqıdan istifadə edilmir. Bu məhsulun ən vacib cəhəti ekoloji təmiz məhsul olmasıdır.

Qeyd edək ki, belə bir müəssisə “Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə Bakıda xeyli vaxtdır qurulub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər