24 C
Baku
Friday, September 26, 2025

Laçında tikinti və bərpa işləri aparan qurumun gəlirləri kəskin artıb

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ 2024-cü ildə 1.42 mmilyon manat xalis mənfəət əldə edib. Halbuki, bu 2023-cü ildəki 97 min manatla müqayisədə kəskin artımdır.

Banker.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, dövlət qurumunun cəmi gəlirləri 2023-cü ildə 873.6 min manat olduğu halda, 2024-cü ildə 5.64 milyon manata yüksəlib. Bu isə təxminən 5.5 dəfə artım deməkdir. Əsas artım kommersiya əməliyyatlarından və faiz gəlirlərindən qaynaqlanıb.

Xərclərdə daha kəskin artım qeydə alınıb. Əgər 2023-cü ildə cəmi xərclər 756.4 min manat idisə, 2024-cü ildə bu rəqəm 18.9 milyon manata çatıb. Bu isə təqribən 25 dəfə artım deməkdir. Xüsusilə abadlaşma xidmətlərinə çəkilən xərclər xərclərin əsas hissəsini təşkil edib.

Nəticədə 2023-cü ildə 117.1 min manat mənfəət göstərən müəssisə, 2024-cü ili 13.3 milyon manat zərərlə başa vurub. Bununla belə, sahibkarlıq fəaliyyətindən 1.77 milyon manat həcmində mənfəət əldə edilib.

Balans göstəricilərinə görə, cəmi aktivlər illik müqayisədə 1.8 faiz artaraq 337.5 milyon manata yüksəlib. Burada əsas artım bərpa və tikinti üzrə avans ödənişlərində özünü göstərib. Cari aktivlər 1.1 faiz, uzunmüddətli aktivlər isə təqribən 5.8 dəfə artıb.

Öhdəliklərdə də artım baş verib – 2023-cü ildə 331.4 milyon manat olan ümumi öhdəliklər 2024-cü ildə 335.5 milyon manata yüksəlib. Kapital göstəricisi isə 593.7 min manatdan 2 milyon manata qalxaraq 3.4 dəfə artım nümayiş etdirib.

Xatırladaq ki, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ 2021-ci ildən sonra işğaldan azad olunmuş ərazilərdə yaradılmış dövlət müəssisələrindən biridir. Şirkətin əsas məqsədi Laçın rayonunda bərpa və yenidənqurma işlərinin təşkili, infrastrukturun qurulması, abadlıq tədbirlərinin həyata keçirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqidir. Müəssisə həm tikinti və təmir layihələrinin icrası, həm də dövlət sifarişlərinin yerinə yetirilməsi ilə məşğuldur. Fəaliyyəti çərçivəsində yaşayış məntəqələrinin bərpası, sosial və ictimai obyektlərin tikintisi, kommunikasiya və xidmət sahələrinin inkişafı önəmli yer tutur.

 

Son xəbərlər
Digər xəbərlər