“Zəngilan və Qubadlıda 12 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək. Yeni su anbarı və boru xətti tikilib”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunan ərazilərin bərpası çərçivəsində “Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi” layihəsi həyata keçirilib:
“Layihə çərçivəsində Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılmış aqroparklar və digər istifadəçilərə məxsus ümumilikdə 12 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon kubmetr olan Zabuxçay su anbarı və ondan qidalanan 51.6 km uzunluğunda təzyiqli magistral boru xətti inşa olunub. Zabuxçay su anbarının texniki göstəricilərinə əsasən, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, üstdən eni isə 10 metr təşkil edir. Tikinti zamanı Güləbird Su Elektrik Stansiyasına (SES) aid 1.2 km-lik derivasiya boru xətti, su anbarının bəndi, qəza sutullayıcısı, xidməti bina və ətraf infrastruktur obyektləri də tam şəkildə qurulub. Magistral boru xəttinin ümumi uzunluğu 51 600 metrdir. Bu xətt Zabuxçay su anbarından çıxaraq Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının əkin sahələrinə su çatdırır. Boru xəttinin su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6.2 kubmetrdir. Sistem yüksək təzyiqli çiləyici və damcılı suvarma üçün nəzərdə tutulub və tam qapalı suvarma boru sistemi əsasında qurulub”.
İ.Quliyev qeyd edib ki, layihənin praktiki nəticələri artıq müşahidə olunur:
“Bu il Zəngilan və Qubadlı rayonlarının ərazisində yerləşən aqroparkların ümumilikdə 2 900 hektar əkin sahəsi Zabuxçay su anbarından suvarma suyu ilə təmin edilib. Bu layihə regionun aqrar inkişafında mühüm rol oynamaqla yanaşı, kənd təsərrüfatında məhsuldarlığın artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından da əhəmiyyətli töhfə verir”.