“Volkswagen Group”a məxsus olan “Lamborghini” 2020-ci ildə rekord mənfəət əldə etdiyini açıqlayıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Bahalı avtomobil istehsalçısının mənfəəti Çində zəngin müştərilərinin gəlirlərinin artması, o cümlədən yüksək texnoloji avtomobil alıcılarının meydana çıxması fonunda yüksəlib.
Covid-19 pandemiyası dövründə iki ay ərzində avtomobil zavodlarının bağlanmasına baxmayaraq, şirkət 2020-ci ildə 7 430 maşın tədarük edib. Bu, 2019-cu ilin rekord səviyyəsindən 9% aşağıdır. İl ərzində avtomobil satışları 1.6 milyard avrodan çox (1.9 milyard dollardan çox) təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 11% azdır.
“CNBC”nin qeyd etdiyi kimi, “Lamborghini” məhsullarının alıcı sayı dünyanın birjalarındakı səhmlərin bahalaşması, həm də şirkətlərin birləşməsi müqavilələri sayəsində artıb. Şirkətin baş direktoru Stefan Vinkelmann 2021-ci ilin növbəti doqquz ayı üçün sifariş planının artıq dolu olduğunu vurğulayıb.
Qeyd edək ki, idman avtomobili istehsalçıları olan “Ferrari”, “McLaren” və “Bugatti” ilə birlikdə “Lamborghini” üçün də ən böyük problem qlobal emissiya məhdudiyyətlərinin sərtləşdirilməsi, eyni zamanda insanların elektrikli nəqliyyat vasitələrinə keçməsidir. Beləliklə, sürətli və yüksək səsli mühərriklər istehsalı ilə məşhurlaşan şirkətlər siyasətlərini yenidən nəzərdən keçirməlidilər.
“Lamborghini” hələ elektrikli avtomobil üçün planlarını açıqlamayıb, lakin Vinkelmann anonsun bu ilin aprelində ola biləcəyinə işarə edib. O, “Volkswagen”in kapitalına və texnologiyasına görə ideal marka sahibi olaraq qaldığını söyləyib. Vinkelmannın sözlərinə görə, bu, “əsas prioritetləri və pulu hara yatırmaq lazım olduğuna dair qərar vermək azadlığı” ilə izah olunur.
“Pilotsuz avtomobillər markanın hədəfi olmaya bilər, lakin elektrikləşdirmə və rəqəmsallaşdırma daim gündəmizdədir”, – deyə Vinkelmann əlavə edib.