Kristin Laqardın 2027-ci ildə başa çatmalı olan 8 illik mandatından əvvəl istefa verəcəyi gözlənilir.
Banker.az “Financial Times”ın məlumatına istinadən xəbər verir ki, Laqard mandatının 2027-ci ilin oktyabrında başa çatmasından əvvəl, hətta 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərindən öncə vəzifədən getmə imkanını nəzərdən keçirir.
Bloomberg yazır ki, Avrozona ölkələrinin hökumətləri Fransada mümkün seçkilərdən sonra yarana biləcək həssas dövrdə ECB-də varislik prosesinin necə təşkil olunacağı ilə bağlı narahatdır. Seçkilər nəticəsində ifrat sağçı namizədin hakimiyyətə gəlməsi ehtimalı da qeyd olunur.
Bildirilir ki, məqsəd Fransa prezidenti Emanuel Makron və Almaniya kansleri Friedrix Merzə seçkiöncəsi təzyiq olmadan razılaşdırılmış namizədi müəyyən etmək üçün kifayət qədər vaxt verməkdir.
Frankfurtda isə qurum rəsmiləri Laqardın gələcəyi ilə bağlı hər hansı rəsmi qərar qəbul etməsi barədə məlumatları təkzib edərək, onun hazırkı mandatına tam şəkildə fokuslandığını bildiriblər.






