Latın Amerikasının Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv olan və digər neft hasil edən ölkələri Qətər görüşündən öncə hasilatın müəyyən həcmdə dondurulması məsələsində vahid mövqeni müzakirə etmək üçün Ekvadorun paytaxtı Kitoda görüşüblər.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ekvador vitse-prezidentinin katibliyi məlumat yayıb.
Görüşdə Ekvador, Kolumbiya və Venesuelanın müvafiq sahə üzrə nazirləri, Boloviyanın nazir müavini, Meksikanın isə səfiri iştirak edib.
Kolumbiyanın energetika naziri Mariya Morena Quterres bildirib ki, görüşdə bazarda stabillik üçün neft hasilatının müəyyən həcmdə mümkün dondurulmasından başqa variantlara da baxılıb.
“Biz hasilatın müəyyən həcmdə dondurulmasına alternativlər də axtarırıq”, – nazir əlavə edib.
Ekvadorun neft naziri Karlos Parex isə qeyd edib ki, Latın Amerikası ölkələri Qətərdə qəbul olunacaq bütün qərarları dəstəkləməyə hazırdır: “Bu, dondurulma ilə də bağlı ola bilər, amma biz bu barədə Dohadakı görüşdə qərar verəcəyik”.
Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan OPEC və təşkilata üzv olmayan ölkələrin görüşündə neft hasilatının bu ilin yanvar ayı səviyyəsində dondurulması məsələsi müzakirə olunacaq.