15 C
Baku
Tuesday, April 16, 2024

Lavrov: Bakı İrəvanla danışıqlarda üçtərəfli razılaşmaların yerinə yetirilməsinə hazırlığını təsdiqləyir

Bakı İrəvanla danışıqlarda üçtərəfli razılaşmaların məsuliyyətlə yerinə yetirilməsinə hazırlığını təsdiqləyir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində jurnalistlərlə söhbəti zamanı bildirib.

Rusiyalı nazir həmçinin Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatlara toxunaraq deyib ki, həmin bəyanatlar Rusiya tərəfini öz praktiki addımlarında onlara necə yanaşmalı olmaları barədə düşünməyə vadar edir.

Lavrov həmçinin qeyd edib ki, Ermənistan paytaxtındakı “Zvartnots” hava limanını mühafizə edən rus sərhədçilərinin orada mövcudluğunun mümkünlüyü ilə bağlı İrəvan və Kreml arasında müzakirə aparılmır.

Rusiya XİN başçısı həmçinin Azərbaycan-Ermənistan normallaşması prosesinə toxunaraq diqqətə çatdırıb ki, Bakı ilə İrəvan arasında münasibətlərdə irəliləyişin əldə olunması üçtərəfli razılaşmaların nə dərəcədə məsuliyyətli yerinə yetirilməsindən asılı olacaq və rəsmi Bakı danışıqlarda bu hazırlığı təsdiqləyir.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfəri çərçivəsində yerli “France 24” telekanalına müsahibəsində bildirmişdi ki, ölkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) mövcudluğunu dondurub, onun ardınca isə parlamentin spikeri Alen Simonyan “Rusiya sərhədçiləri Zvartnots hava limanında xidmətini dayandırmalıdır” məzmunlu bəyanat vermişdi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Ermənistan rəsmilərinin bu tip bəyanatlarının erməni xalqının maraqlarına xidmət etmədiyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər