“Hazırkı vəziyyətdə Ukrayna ilə danışıqlar aparmağın mənası yoxdur”.
Bunu RT və “RİA Novosti“yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov Kiyevlə danışıqlar prosesini şərh edərkən deyib.
O bildirib ki, Tehranda Türkiyə və İran liderləri ilə görüşü zamanı Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsinə toxunub.
Nazir vurğulayıb ki, xüsusi əməliyyatların lap əvvəlində məhz Ukrayna rəhbərliyi danışıqların tərəfdarı olub: “Biz rədd cavabı vermədik, biz bu prosesə düzgün yanaşdıq. Və Belarusda baş tutan ilk raundlar göstərdi ki, Ukrayna tərəfində nəyisə ciddi şəkildə müzakirə etmək istəyi yoxdur. O zaman biz situasiya barədə onlara öz dəyərləndirmələrimizi təqdim etdik və dedik ki, əgər siz ciddi şəkildə çalışmaq istəyirsinizsə, bizə yazılı şəkildə bunu verin ki, biz konkret olaraq hansı danışıqlar barədə söhbət gedəcəyini bilək”.
XİN başçısının sözlərinə görə, Ukrayna tərəfi bundan sonra yazılı formada öz istəklərini təqdim edib və bu prinsiplər Rusiya tərəfindən təqdir edilib.
Lavrov vurğulayıb ki, Moskva bu prinsiplər əsasında müqavilə bağlamağa hazır olub: “Biz onların məntiqlərinə əsaslanan sənədləri təqdim etdik. Və aprelin 15-dən sənəd onlara verildi, o vaxtdan bəri onlardan səs çıxmır”.
Nazir Kiyevin cavab əvəzinə, Avropa liderlərinin “Ukrayna döyüş meydanında qalib gəlməlidir, indiki vəziyyətdə danışıqlar masasına oturmamalıdır, çünki cəbhədə mövqeləri zəifdir” kimi bəyanatlar səsləndirdiyini qeyd edib.