2 C
Baku
Saturday, December 14, 2024

Levon Ter-Petrosyan: “Bəli, bu kapitulyasiyadır”

“İndi çətin qərarlar zamanıdır. Həm Azərbaycanla, həm də Türkiyə ilə müqavilələr imzalanmalıdır. Alternativ yoxdur. Əgər sənəd imzalanmasa, bu qonşularla sülh bağlanmasa, biz Sovet İttifaqı dövrünün Ermənistanını bərpa edə bilməyəcəyik”.

Belə bəyanatla sentyabrın 26-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasında çıxış edib.

Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqla ağrılı qərarlardan qaçmaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, ondan da pis sənədə imza atacaq, o deyib.

Ter-Petrosyanın fikrincə, Paşinyan sənədi imzalamaqdan çəkinir, çünki onu “satqın” adlandıracaqlar. “Bəli, bu kapitulyasiyadır, vəziyyət belədir. Heç bir faciə yoxdur, bundan daha güclü dövlətlər də bu yoldan keçiblər”, – o bildirib.

Ermənistan cəmiyyətində konsolidasiya olmasa və daxili iğtişaşlar davam edərsə, o zaman Türkiyə və Azərbaycanın tələbləri artacaq. “Yarım il də davam etsək, ölkəmiz olmayacaq”, – o deyib.

Rusiyanın köməyinə ümid etmək olmaz, çünki Moskva Cənubi Qafqazda öz təsirini itirib. “Arsax” məsələsi artıq həll olunub, mən adamların ümidini kəsmək istəmirəm, amma hazırda Ermənistan “Arsax”da oyunçu deyil. Bu müharibədən öncə “Arsax” məsələsinin həllinin açarı Rusiyanın əlində idi, indi Rusiyanın çoxlu problemləri var”, – Ter-Petrosyan qeyd edib.

Ter-Petrosyanın bu müsahibəsi Ermənistanda kəskin reaksiyaya səbəb olub. Eyni zamanda, Ermənistanın keçmiş prezidentlərinin katolikosla görüşünün mühüm detalları açıqlanıb.

Ermənistan KİV və teleqram- kanallarının məlumatına görə, bu görüşdə Ter-Petrosyan erməni əhalinin təhlükəsizliyinə təminatın müqabilində sülh müqaviləsinin bağlanmasının vacibliyi və Qarabağın Azərbaycanın tərkibində tanınması ilə razılaşmağı təklif edib. Lakin iştirakçıların qalan hissəsi (Robert Köçəryan, Serj Sarkisyan, Arkadi Qukasyan və Bako Saakyan) dəstək ifadə etməyiblər. Bu ideya Köçəryanın maliyyələşdirdiyi KİV tərəfindən tənqid edildiyinə görə ümummilli konsolidasiya ideyasından məhz o imtina edib.

Belə dağınıq və parçalanmış siyasi sistemlə Ermənistanı daha çətin günlər və daha çətin qərarlar gözləyir, Levon Ter-Petrosyan belə hesab edir.

 

Son xəbərlər
Digər xəbərlər