Türkiyədə ABŞ dolların məzənnəsi bu gün 3,80 TRY/USD həddini ötüb. “Bloomberg” agentliyinə istinadən xəbərə görə, Türkiyə Mərkəzi Bankının (TCMB) bu gün keçirdiyi likvidlik əməliyyatlarında bir həftəlik xarici valyuta depo hərracında türk lirəsi üzrə faizi 10% müəyyən edib.
Dollar üzrə isə faiz dərəcəsi 0,75% qalıb. Hərracın ümumi həcmi isə 300 mln. dollar təşkil edib.
Qeyd edək ki, xarici valyuta depo hərracı TCMB ilə banklar arasında “swap” əməliyyatlarını əks etdirir. Bu əməliyyatlarda TCMB 0,75%-lə banklara dollar borc verir, əvəzində lirəyə illik 10% ödəməklə öhdəlik götürür.
Xatırladaq ki, ötən həftəyədək türk bankları bu əməliyyatı London “swap” bazarında həyata keçirib. Çünki, o zaman Londonda lirəyə ödənilən faiz daha yüksək olub və Türkiyədəki kimi əlavə 10%-lik təminat yoxdur. Bunu görən TCMB dərhal lirə faizlərini 10%-ə yüksəldib və Londona alternativ bazar formalaşdırıb. Təbii ki, lirəyə ödənilən faizin yüksəlməsi də öz növbəsində dolların məzənnəsinin artmasına gətirib çıxarıb.
Report