Linç məhkəməsi – bir şəxsin cinayət və yaxud hər hansı ictimai asayişin pozulması halında məhkəməsiz və istintaqsız, kütlə tərəfindən və asılaraq edam edilməsidir.
Bu məhkəmə növünün yaranması ilə bağlı bir neçə versiyalar mövcuddur. Bunlardan birinə görə Linç məhkəməsi öz adını müstəqillik uğrunda müharibələrdə bu məhkəmə növündən istifadə etmiş Çarlz Linçin soyadından götürülmüşdür. Digər bir versiyaya görə isə adın mənbəyi 1780-ci ildə Pensilvaniyada “Linç məhkəməsini” həyata keçirmiş Uilyam Linçin soyadıdır.
Məhkəməsiz edam üsulu tarixin bütün dövrlərində mövcud olsa da, xüsusi ictimai varlıq kimi XIX və XX əsrin ilk yarısında ABŞ populyarlıq qazanmışdır. Amerikada həyata keçirilmiş Linç məhkəmələrinin 85%-i cənub ştatlarının payına düşür.
Linç məhkəməsinin sistematik təcrübə kimi formalaşmasını isə 1860-cı ilə aid etmək lazımdır. Bu zaman vətəndaş müharibəsində məğlub olduqdan sonra ABŞ-ın Cənubu Şimalın işğalına məruz qalır. Torpaqlar şimallı tacirlər tərəfindən alınırdı. Müharibə gedişində quldarlıqdan tamamilə azad edilmiş qara dərili əhali isə öz keçmiş sahiblərindən intiqam alırdılar. Şimal işğalçıları və xüsusəndə azad olmuş qara dərililərlə mübarizə aparmaq məqsədilə gizli Ku-Kluks-Klan təşkilatı yaradılmışdı və onun üzvləri fəal şəkildə məhkəməsiz qətllərlə məşğul idilər.
Bununla belə, ağ dərili amerikalılar, fırıldaqçılıqla məşğul olan italyanlar, yəhudilər, ingilis dilli katoliklər də bu məhkəmə növünün qurbanına çevrilirdilər. ABŞ-da 1882-1968-ci illər ərzində 3500 afroamerikalı və 1300 ağ dərili insan Linç məhkəməsinə məruz qalmışlar.
Linç məhkəməsi adətən “cinayətkarın” asılaraq edam edilməsi ilə həyata keçirilirdi. Lakin bunu müxtəlif işgəncələr və tonqalda yandırılma da müşayiət edə bilərdi.
Müasir dövrümüzdə Linç məhkəməsi mövcud deyil. Amerika cəmiyyətində bu təcrübənin mənəvi dəstəklənməsi izlərinə rast gəlmək mümkün deyil.