9 C
Baku
Friday, December 13, 2024

Lisenziya və icazə sisteminin hüquqi əsasları təkmilləşdirilir

Lisenziyalar və icazələr haqqında Qanun dərc edilib.

2016-cı il iyunun 1-dən qüvvəyə minəcək yeni qanun sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Bu Qanun lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir.

Yeni qanunla lisenziya tələb olunan fəaliyyət növlərinin, o cümlədən sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı təsdiq edilib.

Hüquqşünas Oktay Məhərrəmov yeni qanunu şərh edərkən bildirib ki, bu qanunun məqsədi ölkədə sahibkarlığın inkişafına daha əlverişli biznes mühiti formalaşdırmaq üçün vahid xüsusi razılıq (lisenziya) və icazə sisteminin yaradılmasıdır. Qanun layihəsinin hazırlanmasına Azərbaycan Respublikası Prezidentinin hələ 2011-ci il 26 oktyabr tarixdə imzaladığı fərman ilə başlanılıb.

“Hazırkı qanunun əhəmiyyəti ondan ibarətdir ki, əvvəllər lisenziya və icazə sisteminin hüquqi əsalarını müəyyən edən müddəalar nisbətən dağınıq şəkildə müxtəlif normativ hüquqi aktlarda öz əksini tapırdı ki, bu, həm müəyyən hüquqi, həm də texniki problemlər yaradırdı. Bu normaların sistemləşdirilməsi, vahid bir sənəd şəklində inkorporasiya olunması həm sahibkarlar üçün, həm də qanunu tətbiq edən subyektlər üçün faydalıdır.

Qanunun tələbinə əsasən, lisenziya tələb olunan fəaliyyət növləri və icazələr mütləq qaydada həmin Qanunla müəyyən edilməli, daha sonra isə müvafiq sahəni tənzimləyən digər qanunlarda əks etdirilməlidir. Başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Sahəvi qanunlarda lisenziyaların (icazələrin) verilməsinə dair xüsusi qaydalar yalnız yeni Qanunun tələblərinə əməl olunmaqla və onda nəzərdə tutulmuş müddəaları tamamlamaq şərti ilə müəyyən oluna bilər.

Qanunun digər mühüm müddəası ondan ibarətdir ki, lisenziya və icazə sisteminin tənzimlənməsi ilə bağlı hər hansı hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh ediləcək.

Yeni qanun hüquqi cəhətdən tənzimləməni təmin etməklə yanaşı, faydalı və əlverişli mexanizmlər də müəyyən edir.

Belə ki, lisenziyanın və icazənin verilməsində “bir pəncərə” prinsipi əsasında sadələşdirilmiş inzibati icraat tətbiq ediləcək. Bununla da lisenziyanın və icazənin verilməsinin sadələşdirilməsi, inzibati prosedurların, tələb olunan sənədlərin sayının, müddətin və xərclərin azaldılması təmin ediləcək.

Həmçinin yaradılacaq “Lisenziyalar və icazələr” portalı vasitəsilə lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin elektron qaydada həyata keçirilməsi mümkün olacaq. Portalda, həmçinin elektron formada aparılacaq “Lisenziyaların və icazələrin vahid reyestri” yerləşdiriləcək.

Yeni qanun maliyyə bazarları sahəsinə tətbiq edilmədiyindən maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi Mülki Məcəllə, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunları ilə müəyyən edilir”, – deyə O.Məhərrəmov bildirib.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər