15 C
Baku
Sunday, November 24, 2024

Lisenziyası ləğv edilmiş “DəmirBank”ın planları başqa idi

Bakı. 23 dekabr. BANKER.AZ/ Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarına əsasən “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib.  Bununla da 30 ilə yaxın tarixi olan bankın fəaliyyəti dayanmalı oldu.

Bəs bazara nə vaxt və necə daxil olmuşdu?

“Dəmir Bank”ın göstəricilərinə görə, Bank, hələ Azərbaycan müstəqilliyi əldə edilməmiş, yəni, 1989-cu ildən ölkənin maliyyə bazarına “Azərdəmiryolbank” adı ilə daxil olmuşdu. Bank 2009-cu ildən sonra isə rebrendinq edərək adını qısaldılmış formada “DəmirBank” ASC adı altında fəaliyyət göstərməyə başladı. Cəmi 1 həftədən sonra bank 2018-ə 29 yaşla daxil olacaqdı.
“Avropa Yenidənqurma və İnkişaf Bankı”(EBRD) və “Hollandiya İnkişaf Maliyyə Şirkəti ” (qısaca FMO) kimi iri maliyyə qurumları tərəfindən marağa səbəb olaraq bu bankın səhmdarları olmuşdu.  Burada EBRD “25% +1 səhm” FMO isə Bankın 10% səhminə sahib idi.
“Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşmışdı. Paytaxt və regionlarda ümumilikdə 30-dan çox filiala sahib idi.

Bağlanandan öncə planlar nə idi?

Bankın yay aylarında yaydığı məlumatda deyilirdi ki, 11 beynəlxalq investor DəmirBank ASC-in məcmu kapitalının artırılmasına qərar verib. Yəni, məcmu kapitalın əhəmiyyətli dərəcədə artırılması planı Bankın 105 milyon ABŞ dolları xarici öhdəliyinin  1-ci dərəcəli kapitala çevrilməsini nəzərdə tututulurdu.

Beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək DəmirBank-ın əsas səhmdarları olacaqları planındaydılar.

Beynəlxalq investorlar sırasında EBRD, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), FMO, İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer almışdı.

Həmin müddət ərzində Bankın İdarə Strukturunda da bir neçə dəyişiklər baş tutmuşdu. İdarə Heyətininin sədri yenilənmişdi. Bankın açıqlamalarında 2017-ci ilin birinci yarısında 100-ə yaxın yeni əməkdaş DəmirBank ailəsinə qoşulmasını bildirirdilər. Eləcə də, ilin son aylarında da bir neçə vakansiya üzrə işə qəbul elan edirdi. Hətta bağlandığı son günə qədər kampaniyalarını davam etdirirdilər.

Lisenziya niyə geri çağrıldı?

İlin son aylarında Bankın adı tez-tez ya digər Azərbaycan bankı ilə konsolidasiya ya da, bağlanacağı xəbərləri ilə gündəmdə idi. Buna səbəb kimi “DəmirBank” artıq 5 aydan çox idi ki, əmanət qəbul etməməsi və kredit vcerilişlərinin dayandırılması idi. Birləşəcəyi bildirilən bank rəhbərinin isə bu xəbərə reaksiyası “digər banklarla danışıqlar aparmırıq” deyə cavab verməsi oldu.

Bankın hesabatları ümumiyyətlə tam olaraq ürəkaçan deyildi. Bankın 1 rübə cəmi  aktivləri 520 mln. manatdan 429 mln. manata qədər düşmüşdü. Bankın cəmi kapiatlı 3 ay ərzində 13,8 mln. azalaraq 25,57 mln. manata təşkil edirdi. 9 ayın sonunda zərəri 20 mln. manatdan çox idi.

İlin 3-cü rübündəki göstəricilərinə görə, 282,59 mln manatdan çox kredit portfeli vardı.

Görünür Maliyyə Platası planları deyil daha reallığa dayanan göstəriciləri göz önünə aldı.

MBNP bu qərarını bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3%-dən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyini əsas gətirərək qəbul edib.

Məlumat üçün bildirək ki, “DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna (ADİF) üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Bankın AMB qarşısında öhdəliyi 17 mln, müştərilər qarşısındakı öhdəliyi (depozit portfeli) hazırda 117,22 mln manatdan çoxdur.

Son xəbərlər
Digər xəbərlər